Bakıda “Location” gecə klubunda baş verən partlayışda ağır xəsarət alanlardan biri də oranın əməkdaşı Fariz Məmmədzadədir.
“Qafqazinfo”nun məlumatına görə, Vətən müharibəsi iştirakçısı olan Fariz gecə klubunun rəhbərliyindən şikayətçidir.
Milli.Az “qafqazinfo”-ya istinadən xəbər verir ki, Fariz Məmmədzadə partlayış baş verməmişdən 12 gün öncə “Location”da işləməyə başlayıb. Məmmədzadə ailəsinin iddiasına görə, işçilər orada qeyri-qanuni çalışdırılıb. İşgötürənlə işəgötürülən arasında əmək müqaviləsi imzalanmayıb. Bu səbəbdən onların sığortası da olmayıb.
Farizin şikayətinin əsas məğzi isə onun müalicəsinə gecə klubunun rəhbərliyi tərəfindən kömək göstərilməməsindən ibarətdir. Belə ki, xəsarət alan əməkdaş hadisədən sonra 5 nömrəli Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Ailə üzvlərinin sözlərinə görə, onun müalicəsi və dərmanları borc-xərclə alınıb. Burada iş yerindən ona maddi dəstək olunmayıb. Dövlət xəstəxanasında iki dəfə əməliyyat olunan Fariz, daha sonra “Medera” hospitala köçürülüb.
Gecə klubuna məsul olan şəxslər yalnız özəl klinikada gedən müalicənin xərclərini qarşılayıblar. Daha sonra isə Fariz evə buraxılıb və onun müalicəsinin növbəti mərhələsi qalıb.