“Dəmir yumruğ”umuz yerindədirbackend

Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar bir daha bütün dünyaya göstərir ki, rəsmi İrəvan öz revanşist niyyətlərindən əl çəkmir

Baş verən məsələləri aydın dəyərləndirməyi bacaran dövlət başçımız cənab İlham Əliyev Azərbaycan xalqına hər zaman açıq mesaj verir ki, biz necə bir düşmənlə üz-üzə olduğumuzu unutmamalıyıq. Bu baxımdan da hər bir inkişaf ssenarisinə hazır olaraq, “dəmir yumruğumuzu” bərk saxlamalı, lazım olan məqamda düşmənin başına endirməliyik.

Müharibədən çıxmış ölkə olmağımıza baxmayaraq, işğaldan azad olunmuş torpaqlarımızı öz hesabımıza, daxili resurslarımızla dirçəldir, soydaşlarımızı qısa zaman çərçivəsində öz doğma yurd-yuvalarına yerləşdirmək istiqamətində əməli addımlar atırıq. Düşmən isə mənfur xislətindən əl çəkmir, hətta özünə xeyir və fayda gətirəcək əməkdaşlıq platformalarına maksimum mane olmağa çalışır. Sözsüz ki, Ermənistanın illər ərzində cəzasızlıq sindromundan rəvac alması indi də davam edir. Rusiyanın vasitəçiliyi ilə imzalanan üçtərəfli bəyanatda erməni silahlı qruplaşmalarının ərazilərimizdən çıxardılması Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə paralel olmalı idi. Buna isə bu günə qədər əməl olunmur. Bu, azmış kimi, sülhməramlıların neytrallıq prinsipinə və mandatına zidd olaraq, erməni təəssübkeşliyi qanunsuz erməni silahlı dəstələrinin sərhəddə təxribatlar törətməsinə gətirib çıxarır, Azərbaycan tərəfi şəhid verir, regional layihələrin icrası gecikir, sülh müqaviləsini isə sabotaj etməklə məşğul olunur.

13 sentyabr tarixində baş vermiş təxribat bir daha rəsmi İrəvan tərəfindən mina xəritələrinin Azərbaycana təhvil verilməməsi məsələsini aktuallaşdırır. Xəritələrin verilməməsi Ermənistanın hərbi hücumlarını asanlaşdırdığı halda, Azərbaycan üçün əksinə, müdafiənin təşkilini əsaslı şəkildə çətinləşdirir. 13 sentyabr tarixli təxribat, eyni zamanda, rəsmi İrəvanın hərbi cinayətlərinə bəraət qazandırılmasına hesablanıb. İşğaldan azad olunmuş ərazilərdə bastırılmış minaların mövcudluğu mülki əhalinin tələfatına səbəb olduğu üçün rəsmi İrəvan, eyni zamanda, terrorçu ölkə kimi də tanınmalıdır.

Azərbaycan dəfələrlə baş verən məsələlər barəsində beynəlxalq ictimaiyyəti məlumatlandırıb. İndi isə öz suveren ərzailərində antiterror əməliyyatı həyata keçirir. Bunu Ermənistan da, ona havadarlıq edən bütün qüvvələr də bilməlidir. Rəşadətli ordumuz bir daha sübut etdi ki, istənilən təxribatın qarşısını almağa qadirdir.

Xalqımız müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşib, “dəmir yumruğ”umuz yerindədir. Odur ki, dövlətimizə qarşı daxildən və xaricdən təzyiq etməklə, hər hansı təzyiq və təhdidlə qətiyyətimizi qırmaq, birliyimizi sarsıtmaq, əmin-amanlığımızı pozmaq mümkün olmayacaq.

Emiliya İbrahimova

Azərbaycan Dillər Universiteti