“Demişəm ki, yox, edə bilmərəm”backend

Əməkdar artist Lalə Məmmədova televiziyalardan incidiyini etiraf edib.

“Yeni Gundem” olay-a istinadla xəbər verir ki, sənətçini ən çox narahat edən isə bayağı ifaçılarla eyni səhnəni bölüşməsidir. Bu haqda Məmmədova “Mtv maqazin” verilişinə müsahibəsində danışıb.

O, təhsilsiz müğənnilərin çoxalmasından gileylənib: “Bu gün niyə televiziyadan bir az kənarlaşmışıq? Çünki eyni qazanda qaynayırıq. Təhsil almışam, mən də ucuz bir şeylərə qaçıb, daha çox maddiyat qazana bilərdim. Amma bundan keçmişəm. Demişəm ki, yox, edə bilmərəm. Mənim üçün musiqinin mənəvi dəyəri daha çoxdur. Kaş ki, bu mahnıları oxuyanlar Azərbaycanın klassik musiqisindən, muğamlarından xəbərdar olardı. Və bilərdi ki, necə bəsit bir şeylər oxuyur.

Onlara aqressiyam ona görə yoxdur ki, bu gün internet dövrüdür. Və insandır, özü üçün oxuyub, paylaşır, birdən milyonlarla baxış gəlir. Nə etsin? İstər-istəməz o da bir özgüvən verir, başlayır çalışmağa. Mən düşünürəm ki, onlar arasında istedadı, səsi olanlar var. Kaş ki, onlardan düzgün istifadə edib, gözəl mahnılar oxutdurmaq olardı”.