Deputat: ABŞ Prezidenti Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirirbackend

ABŞ Prezidenti Co Bayden Bakı Enerji Həftəsi ilə bağlı dövlətimizin başçısına ünvanladığı təbrik məktubunda Azərbaycanın enerji sahəsində gördüyü işləri yüksək qiymətləndirib. Həmçinin bu gün Avropanın enerji təhlükəsizliyində ölkəmizin böyük rolu olduğunu qeyd edib. ABŞ Prezidenti bundan əvvəl müstəqillik günü münasibətilə ünvanladığı təbrik məktubunda da Azərbaycanla əməkdaşlığın yüksək dəyərləndirildiyini qeyd edərək regionda yaratdığımız yeni reallığı dəstəklədiyini bildirib.
Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.
Deputat Azərbaycanın enerji sektorunun inkişafını ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib: “1994-cü ildə ölkəmizin neft strategiyası qəbul olunmasaydı və dünyanın aparıcı şirkətləri enerji sənayemizin yenidən qurulmasına investisiyaların cəlb edilməsinə inandırılmasaydı, bu gün ölkəmizdə nə neft-qaz sahəsinin inkişafından, nə də Avropanın enerji təhlükəsizliyindən danışa bilməzdik”.
A.Badamov bildirib ki, Azərbaycanın neft strategiyasının həyata keçirilməsini ilk gündən dəstəkləyən ölkələrdən biri də Amerika Birləşmiş Ştatları oldu. Bu illər ərzində neft və qaz ixracımızın həyata keçirilməsi üçün ərsəyə gətirdiyimiz marşrutlar bu gün daha çox əhəmiyyət kəsb edir. Qərbin sanksiyalarının tətbiqi nəticəsində Rusiyanın neftindən və qazından imtina edilməsi istiqamətində addımlar atıldığı bir zamanda Azərbaycanın enerji ehtiyatları əvəzsiz rol almaqdadır.
“ABŞ Prezidenti dövlətimizin başçısına göndərdiyi məktubunda regional və qlobal bazarların sabitləşdirilməsi baxımından Trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında Azərbaycanın roluna toxunub. Azərbaycan yerləşdiyi coğrafiyasından çox səmərəli istifadə edərək beynəlxalq daşımaların həyata keçirilməsi üçün tranzit və nəqliyyat marşrutlarını istifadəyə verib. Rusiya-Ukrayna müharibəsi beynəlxalq nəqliyyat daşımaları həyata keçirən marşrutlar xəritəsinə yenidən baxılmasını vacib edir. İstifadəyə verdiyimiz Şərq-Qərb, Şimal-Cənub tranzit nəqliyyat marşrutlarının, Bakı-Tiblisi-Qars dəmir yolunun, Bakı Beynəlxalq Ticarət Limanının və Cənub Qaz Dəhlizinin beynəlxalq daşımaların həyata keçirilməsində daha təhlükəsiz və rentabelli olması bu gün əhəmiyyətini daha da artırıb”, – deyə deputat vurğulayıb.
Ümumiyyətlə, Azərbaycanın iştirak etdiyi bütün layihələr nəinki ölkəmiz üçün, həm də dünya iqtisadiyyatının sabitləşməsində böyük rol oynayır. Belə ki, ABŞ Prezidenti Azərbaycanın alternativ enerji mənbələrinin yaradılmasına investisiyaların cəlb edilməsi fikrini də yüksək dəyərləndirib. Azərbaycan, eyni zamanda, alternativ enerji mənbələrini yaratmaqla qlobal iqlim dəyişikliklərinin baş verməsinə qarşı çağırışlara da qoşulub. Həmçinin ABŞ Prezidentinin dövlətimizin başçısına göndərdiyi təbrik məktubları ölkəmizin apardığı siyasəti dəstəklədiyinin göstəricisidir.AZƏRTAC