Deputat: Azərbaycan diviziyaları Qafqazdan Berlinəcən mübariz yol keçibbackend

şəriyyət üçün dəhşətli fəlakətlər dövrü kimi yadda qalan İkinci Dünya müharibəsi SSRİ-nin qələbəsi ilə başa çatıb və faşizm süqut edib. Böyük Vətən müharibəsi illərində xalqımız həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərib.

1941-1945-ci illərdə 600 mindən çox azərbaycanlı oğlan və qızlar cəbhəyə yollanıb. Azərbaycan diviziyaları Qafqazdan Berlinəcən mübariz yol keçib. 130-a yaxın həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri Şərəf ordeni ilə təltif olunub. 170 min Azərbaycan əsgər və zabiti SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib, öz qəhrəmanlıqları ilə xalqımızın şərəfli tarixinə yeni sətirlər yazıblar.

Tarixi qələbənin əldə edilməsində Azərbaycan nefti xüsusi rol oynamışdır. Belə ki, həmin illərdə Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzininin və yüksəkkeyfiyyətli sürtkü yağlarının 85-90 faizi Azərbaycanın payına düşürdü. Qələbənin təmin edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin böyük əksəriyyəti Azərbaycan neftinin hesabına hərəkətə gətirilirdi. Bakı nefti olmasaydı, bu müharibədə hərbi əməliyyatları uğurla başa çatdırmaq mümkün olmazdı. Qısa müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünümüdafiə dəstələri təşkil olunub.

Vətən yolunda xidməti olan insanlardan heç vaxt qayğısını əsirgəməyən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyirdi: “Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə layiqdirlər. Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətimizin və hər bir dövlət orqanının, hər bir Azərbaycan vətəndaşının borcudur”. Bu baxımdan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə böyük diqqət və qayğı ilə yanaşmışdı. Məhz Ulu Öndərin diqqəti nəticəsində İkinci Dünya müharibəsi iştirakçılarının mənəvi haqları özlərinə qaytarılmış və 1994-cü ildən başlayaraq ölkəmizdə Qələbə Günü qeyd olunmağa başlanmış, onların xatirəsinin əbədiləşdirilməsi istiqamətində sistemli və ardıcıl tədbirlər görülmüş, imtiyazları və statusları bərpa olunmuşdur.

1941-1945-ci illər müharibəsində igidlik göstərən müharibə veteranları bu gün də hərtərəfli dövlət qayğısı ilə əhatə edilmişlər. “Biz veteranlarımıza çox mehriban münasibət bəsləyirik. Onlara vaxtaşırı mənzillər, istirahət üçün sahələr, pul mükafatları ayrılır. Onlar xalqımızın fəxridir. Biz həlak olanların xatirəsinə də ehtiramla yanaşırıq və əminik ki, gənc nəslin qəhrəmanlıq və Vətənə məhəbbət ənənələrini davam etdirməsi üçün onlar məhz bu cür fədakar qəhrəmanlıq və Vətənə məhəbbət ruhunda tərbiyə olunmalıdırlar”,  deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də 1941-1945-ci illər müharibəsi iştirakçılarına, arxa cəbhə veteranlarına xüsusi diqqət və qayğı göstərir.

Ölkə Prezidenti cənab İlham Əliyevin “1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” 2020-ci il 24 aprel tarixli Sərəncamı bu kateqoriyadan olan vətəndaşların xüsusi diqqət və qayğı ilə əhatə olunduqlarının növbəti  təzahürüdür.  İkinci Dünya müharibəsi iştirakçılarına və digər şəxslərə hər il Qələbə günü ərəfəsində verilən birdəfəlik maddi yardımın məbləği də mütəmadi artırılır. “Böyük Vətən müharibəsi iştirakçılarının “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilməsi haqqında” 2020-ci il 1 may tarixli Sərəncamıbu təbəqədən olan vətəndaşlara dövlət başçısının xüsusi diqqət və qayğısının növbəti göstəricisi idi.

Otuz il ərzində Ermənistanın işğalçılıq və soyqırımı siyasətinin acı nəticələrini yaşamış Azərbaycan xalqı 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına və növbəti hərbi təcavüzünə cavab olaraq Vətən müharibəsinə qalxdı. Cəmi 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdi və tarixi Qələbə qazandı. Azərbaycan xalqı daha bir qəhrəmanlıq salnaməsi yazaraq qalib xalq olduğunu bütün dünyaya sübut etdi, ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixi, ata və babalarımızın igidlik, mərdlik, şücaət ənənələri daha da zənginləşdirildi. Şərəfli döyüş yolu keçmiş Azərbaycan veteranlarını Qələbə günü münasibətilə təbrik edirik. Dünyasını dəyişən igid oğullarımızın xatirəsini isə dərin ehtiramla yad edirik.

Anar MƏMMƏDOV

Milli Məclisin deputatı