Deputat “Azərlotereya”nı “yıxıb-sürüdü”: “Əhalini müflisləşdirirlər…”backend

“Tarixən lotereyalar həmişə olub, hətta Sovet dövründə də onlar buraxılırdı. Təbii ki, bu cür oyunlar insanların maddi durumuna pis təsir edir. Çünki bəzi işbazlar insanları müəyyən yollarla şirnikləşdirərək bu küçə oyunlarına cəlb edirlər. Son illər ölkəmizdə “Topaz”, “Azərlotereya” və s. kimi oyunlar birmənalı şəkildə vətəndaşlarımızı mərc oyunlarına təşviq edir”.

“Yeni Gündəm” xəbər verir ki, bunu Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Deputat bu cür oyunların dərindən araşdırılmasına ehtiyac olduğunu vurğulayıb:

“Əslində, bunu bir məşğuliyyət kimi xaraterizə edirlər. Ancaq bunlar dərindən araşdırılmalıdır. Yəni, bunlar rəsmi dövlət qurumlarının nəzarəti altında keçirilirmi? Bunlar nə dərəcədə də zərərlidir, xeyirlidir? Bunun dövlətə xeyiri varmı, yoxdurmu? Əgər fürsətcil iş adamları, şirkət rəhbərləri bundan özləri üçün mənfəət götürürsə və bəlaya salırlarsa bunlar araşdırılmalı və mütləq cəzası müəyyənləşdirilməlidir. Tək “Azərlotereya” oyunları deyil, ümumən götürəndə pulla oynanılan nə oyunlar varsa, bunların hamısı zərərli vərdişlər hesab olunmalıdır. Bunun qarşısı daha məqəsəduyğun şəkildə alınmalıdır”.

Millət vəkili İkinci Qarabağ müharibəsindən sonra belə oyunların geniş yayılmasına təəssüfləndiyini bildirib:

“Biz bu gün yaşlı nəslin nümayəndələriyik. Xatırlayıram ki, Birinci Qarabağ müharibəsindən sonra, yəni dövlətçiliyimizin çətinliklərlə üzləşdiyi dövrlərdə də bu cür lotereya oyunları geniş vüsət almışdı, sonra yığışdırıldı. Bizim Milli Məclisdə də müəyyən deputat yoldaşlarımız tərəfindən bir neçə dəfə bunlarla bağlı, yəni “Poz qazan”, “Topaz”, “Azərlotereya” təşkil etdiyi oyunlara qarşı fikirlərini səsləndirib. Ancaq indiyədək bunun qarşısının alınması ilə bağlı hansısa bir addımın atıldığını görməmişik. Özü də bunların sayı gündən-günə artır. Əgər bunlar rəsmi dövlət səviyyəsindədirsə və dövlətin mənafeyi üçündürsə, bu başqa şeydir. Ancaq kimlərsə dövlət adından istifadə edib bunu yaradıblarsa, buradan aldadıcı xarakterli, şirnikləşdirici metodlarla bu satışı edib əhalini aldadırlarsa və külli miqdarda özləri üçün qazanc əldə edirlərsə, bunların qarşısı dərhal alınmalıdır. Çünki belə şeylər əhalinin birbaşa maddi durumuna təsir edir və müflisləşdirirlər”.

“Bundan başqa bu həvəsləndirici xarakterli vərdişlərə gətirib çıxardan şeylər insanlarımız üçün də müəyyən xoşa gəlməz problemlər yaratmaqdadır. Hesab edirəm ki, bunlar qeyri-dövlət sektorunun işidirsə və kimlərinsə varlanması istiqamətində kələ-külə ilə yaratdığı oyundursa, bunun qarşısı artıq birdəfəlik alınmalıdır”.

Demokrat.az