Deputat: Dövlətimizin başçısının Zəngəzurun tarixi barədə fikirləri Azərbaycanın bu məsələdə mövqeyi ilə bağlı ermənilərə çox mühüm mesaj oldubackend

Prezident İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində Azərbaycanla Ermənistan arasında münasibətlərin bir sıra məqamlarına aydınlıq gətirdi. Bu məqamlar sırasında Azərbaycanla Ermənistan arasında bağlanacaq sülh sazişi ön sırada dururdu.

Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan tərəfinin təklifi hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanımasından, sərhədlərin delimitasiyası ilə bağlı işlərə start verilməsindən, kommunikasiyaların açılması prosesinə başlanılmasından və sülh müqaviləsi imzalanmasından ibarətdir. Azərbaycan Prezidenti onu da xatırlatdı ki, hərçənd, istənilən sülh müqaviləsi Ermənistan üçün, sadəcə, kağız parçası ola bilər. Təbii ki, bu məsələ təsadüfən xatırladılmadı. Təcrübə də göstərir ki, ermənilər bu və ya digər imzanın məsuliyyətindən asanlıqla qaçırlar. Biz bunu Ermənistan tərəfinin imzaladığı 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar bəyanatlarına münasibətində də görmüşük. Amma bölgədə sülhün yaranması üçün bu gün ciddi addımlar atılmalıdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib.
Deputat deyib ki, Ermənistan sülh müqaviləsinin imzalanmasının ölkələrin bir-birinin ərazi bütövlüyünü tanımasından keçdiyini yaxşı başa düşür. Ermənilər isə buna hazır deyillər. Niyə? Təkcə ona görəmi ki, bununla Qarabağ iddialarından tamam imtina etmiş olurlar? Məncə, təkcə buna görə yox. 70 illik sovet dönəmində Ermənistan qanunsuz olaraq Azərbaycanın müxtəlif bölgələrindən kifayət qədər əlavə ərazi ələ keçirib, indi o torpaqlar da Azərbaycana geri qaytarılmalıdır. Ermənistan hakimiyyəti həm də bundan qorxur. Amma onu da başa düşməlidir ki, delimitasiya məsələsi həll olunmayacağı təqdirdə, Azərbaycan bu məsələni təkbaşına və öz bildiyi kimi həll edə bilər. Bu isə Ermənistan üçün daha böyük itkilərlə nəticələnə bilər. Prezident İlham Əliyev müsahibəsində buna açıq işarə də vurdu: “Mən demişəm, bizim xoşniyyətli davranışımız şərt deyil ki, əbədi olacaq və şərt deyil ki, bu təkliflər əbədi masa üzərində qalacaq. Əgər bizim ərazi bütövlüyümüzü tanımaq istəmirlərsə, o zaman biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bizim Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün bəlkə də yüz dəfə daha çox əsasımız var, nəinki onların bizim ərazi bütövlüyümüzü tanımaması üçün. Çünki hər kəs artıq bunu yaxşı bilir, dünya ictimaiyyəti də bilir ki, 1920-ci ilin noyabr ayında tarixi torpağımız Zəngəzur bizdən ayrılıb Ermənistana birləşdirildi, Göyçə də həmçinin. İrəvan şəhəri 29 may 1918-ci ildə Ermənistana verildi. Yəni, bizim Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün, necə deyərlər, bir çox amillərimiz var. Amma buna baxmayaraq, gələcək sülh naminə, ölkələr arasındakı əlaqələrin qurulması naminə biz buna hazırıq. Amma mən qarantiya verə bilmərəm ki, bu, altı aydan sonra da eyni olacaq. İstəmirlər, yaxşı, onda olmasın, onda görərik nə olacaq”.
“Zəngəzur dəhlizi məsələsi 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan-Ermənistan münasibətlərinin ana xəttini təşkil edir. Prezident İlham Əliyev bir müddət əvvəl bildirmişdi ki, Ermənistan tərəfi istəsə də, istəməsə də, Azərbaycan bu dəhlizi açacaq, xoşluqla qoymasalar, zorla açacağıq. Yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində dövlətimizin başçısı bu fikrini bir daha səsləndirdi. Əlavə etdi ki, Azərbaycan hazırda Zəngəzurun hava məkanından istifadə edir, həm də Ermənistandan icazə almadan istifadə edir. Çünki bu, beynəlxalq dəhlizdir və ondan istifadə etmək Azərbaycanın suveren hüququdur. Hətta Prezident İlham Əliyev bu məkanı Zəngəzur dəhlizinin hava versiyası adlandırdı. Bildirdi ki, son zamanlar Ermənistan tərəfi, nədənsə, Zəngəzur dəhlizi ifadəsinə çox böyük qısqanclıqla yanaşır. Əlavə etdi ki, “Zəngəzur dəhlizi” ifadəsini siyasi leksikona o gətirib və bu gün bu ifadə beynəlxalq leksikona daxil olub.
Həmişə olduğu kimi, Zəngəzur məsələsində də Prezident İlham Əliyev qarşı tərəfə yenidən dərs verdi. Bildirdi ki, onun bu dəhlizi “Zəngəzur dəhlizi” adlandırmasının obyektiv səbəbi, siyasi-tarixi əsası var. Birincisi, bu, Zəngəzurdur, bunun tarixi adıdır: Azərbaycan toponimidir, necə ki, Zəngilan, Zəngəzur, Zəngi çayı – hansı ki, ermənilər indi Razdan adlandırırlar, – Azərbaycan toponimidir”. Bəlkə də Azərbaycanda çox az adam bilir ki, Qərbi Azərbaycanda Zəngəzur toponimi ilə eyniköklü Zəngi hidronimi var və indi bu hidronim Razdan adını daşıyır. Bu bir kəlməlik informasiya ilə Prezident İlham Əliyev milli dəyərlərimizə sahib çıxmağın çox gözəl nümunəsini göstərdi. Elə hesab edirəm ki, bu mesaj özünün lazımi ünvanına çatmış oldu”, – deyə Ə. Ələkbərli vurğulayıb.

Deputat əlavə edib ki, Prezident İlham Əliyevin “Zəngəzur dəhlizi” anlayışına verdiyi yeni məzmun da diqqətəlayiqdir: “Biz bu dəhlizə, sadəcə olaraq, dəmir yolu kimi baxmırıq. Çünki bu dəhlizdən həm dəmir yolu keçəcək, həm avtomobil yolu keçəcək. Biz elektrik xətləri də nəzərdə tuturuq. Ondan sonra ola bilsin ki, qaz xətləri də oradan keçsin. Bir xətt Qafandan, bir xətt Mehridən keçə bilər. Bir xətt Qarakilsədən keçə bilər, onlar Sisyan adlandırırlar. Ona görə Zəngəzur dəhlizi bütün Zəngəzur bölgəsini əhatə etməlidir”. Bu, artıq “Zəngəzur dəhlizi” anlayışına yeni və tamamilə haqlı yanaşmadır və bütün mahalın gələcək taleyinə hesablanmış yanaşmadır. Dövlətimizin başçısının Zəngəzurun tarixi barədə fikirləri Azərbaycanın öz mövqeyində nə qədər ciddi olması yönündə ermənilərə çox mühüm mesaj oldu.