Deputat DYP qoçularından yazdı: “Millət vəkilinə bunu edən sadə vətəndaşın başında turp əkər” – FOTObackend

Milli Məclisin üzvü Razi Nurullayev Dövlət Yol Polisinin əməkdaşlarından narazıdır. Bu barədə millət vəkili özünün “facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, DYP əməkdaşı ona qarşı qanunsuzluq edib.

“Bu nömrə nişanı Dövlət Yol Polisinin maşınıdır. Yol polisi əməkdaşı özünü Kərimov Nurlan kimi təqdim etdi. Saat 22.50-dir. Əvvəla, maşının arxasınca düşüb saxlamaq nə deməkdir? Bandit qovur bu, yoxsa oğru? Özünü təqdim etmir. Sənəd tələb edir. Deyirəm ki, əlində planşet var, gir orada bax. Baxır. Deyirəm mən deputatam, bu da həyat yoldaşım. Bizi niyə saxladın?

Deyir ki, “arxa fara yanmır axı deyəsən”. Baxırıq yanır. Nömrə üzərinə düşən işıq zəifdir. Deyir, “mütləq sənəd verin”. Verdik. Gedib 5 dəqiqəyə gəlir və deyir ki, rəis deyir ki, o deputatdırsa sənəd göstərsin. Sözün və filmin sonu. Təbii ki, bu cür tərbiyəsiz rüşvətxorları, onun qanacaqsız, dövlət əxlaqı olmayan komandirini də anındaca yerinə otuzdurardım. Etmədim, iç üzünü açsın deyə”-R.Nurullayev belə qeyd edib.

Millət vəkili hesab edir ki, bu cür məmurlar işdən uzaqlaşdırılmalıdır:

“Bu kimi məmurun ən yüngül cəzası işindən qovulmasıdır. Özünün də, telefonla danışdığı komandirinin də. Hər gün seyr edirəm və bir gün partlamalı idim. Novxanı yolunda sürücülərdən rüşvət toplayırlar. Hər gün qovhaqovdur. Millət vəkilinə qarşı bu cür hərəkət edənlər, sadə vətəndaşın başına turp əkərlər və əkirlər. Onun üçün həmişə təklif vermişəm ki, bu sistem ləğv edilməlidir. Bu məsələdə, hörmətsizlik və qanunsuzluq edən polis nəfərlərinə güzəşt olmayacaq. Gözləyirəm”.