Deputat Goranboyda Vətən müharibəsi şəhidlərinin anım mərasimində iştirak edib – FOTOLARbackend

Goranboy rayonunda Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən qəhrəman Vətən oğullarından olan şəhidlərin anım mərasimi keçirilib.

“Yeni Gündəm” xəbər verir ki, anım mərasimində 96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədov şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak edib. İştirakçılar əvvəlcə şəhidlərin məzarını ziyarət edib, önünə tər çiçəklər düzərək dualar oxuyublar. Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhidlərimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açılıb.

Anım mərasimində Anar Məmmədov çıxış edərək şəhid ailələrinə dərin hüznlə başsağlığı vermiş, torpaqlarımızın düşmən tapdağından azad olunmasında canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyib. Onun sözlərinə görə, şəhidlik adı ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Ölümü ilə ölümsüzlük qazanan əbədi vətən oğullarımız cəsarətin özü, qəhrəmanlığın ən yüksək nümunəsi, ən ali göstəricisi, xalqımızın inamı oldular. Onlar daim xalqımızın qəlbində əbədi yaşayacaqlar.

Şəhidlərin ailə üzvləri onların xatirəsinə göstərilən hörmət və ehtirama görə təşəkkür ediblər.