DEPUTAT – “Hamı qanunun tələbinə əməl etməlidir”backend

Hamıya məlum olduğu kimi, ölkəmizdə hələ də pandemiyayla bağlı karantin rejimi tətbiq olunur və müəyyən məhdudiyyətlər qoyulur.

Hazırkı dövrdə toyların, yasların qeyd edilməsi qadağandır. Hər bir vətəndaş bu qadağalara əməl etməlidir. Lakin təəssüf hissi ilə qeyd etmək lazımdır ki, son hadisə göstərdi ki, bəzi vəzifəli şəxslər bu qaydalara, bu qanunlara əməl etmirlər. Bu günlərdə yüksək rütbəli şəxslərin, məmurların toy mərasimi təşkil etməsi və bu məclisdə karantin qaydalarına riayət edilməməsi cəmiyyətdə qınaq obyektinə çevrildi. Cənab Prezident hər zaman öz çıxışlarında da söyləyir, qanun hamı üçün qanundur, qanun qarşısında hamı bərabərdir.

Bunu “Yeni Gündəm”-ə açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Bu gün ölkəmizdə çoxlu sayda ailə qurmaq istəyən vətəndaşlar var. Valideynlər övladlarının ailə qurmasını gözləyir. Bu günə kimi evində və ya hansısa qapalı məkanda əyləncə, toy, mərasim təşkil edən onlarla vətəndaş cərimələnib və şəxsi məsuliyyətə cəlb edilib. Belə bir şəraitdə statusundan istifadə edərək toy mərasiminin qeyd edilməsi yolverilməzdir və qanuna ziddir. Hər bir vətəndaş mövcud reallığı, qanunların aliliyini başa düşməlidir. Koronavirusla mübarizə bütün ölkənin, statusundan asılı olmayaraq hər kəsin məsələsidir. Amma təəssüflə qeyd etmək lazımdır ki, qeyd etdiyimiz kimi bəzi insanlar bu qaydalara əməl etmirlər. Əlbəttə ki, ilk öncə dövlət məmuru, dövləti təmsil edən şəxslər bu qaydalara riayət etməlidir. Bu məsələdə dövlət məmurları özləri nümunə olmalıdırlar. Çalışmalıdırlar ki, bu qaydalar pozulmasın. Bu hərəkətləri ilə onlar cəmiyyətdə inamsızlıq, güvənsizlik və etibarsızlıq yaradırlar. Qanunların aliliyini şübhə altına salırlar. Lakin məlum şəxslərin həbs edilməsi və cərimə olunması, hüquq-mühafizə orqanları tərəfindən müvafiq tədbirlərin görülməsi, Azərbaycanda heçkəsə xüsusi imtiyaz verilmədiyini və heç zaman da verilməyəcəyini sübüt etdi. Koronavirusla mübarizədə hər bir vətəndaş üçün Azərbaycan Prezidentinin sərt mövqeyi bir çağırış olmalıdır. Hər bir vətəndaş bu çətin günlərdə öz dövlətinin, xalqının yanında olmalı, öz dəstəyini əsirgəməməlidir. Bu cür hallarda laqeydlik, qanunlara əməl etməmək, məsuliyyətsizlik kimi hallara yol vermək olmaz. Hər kəs bilməlidir ki, qoyulan qadağalar, məhdudiyyətlər məhz insanların sağlamlığı və onların rifahı üçün edilir.