Deputat: “Maxinasiyalarla məşğul olanlar Qarabağ layihələrinə yaxın buraxılmamalıdır” – MÜSAHİBƏbackend

Milli Məclisin deputatı Əziz Ələkbərlinin  “Qarabağ Dirçəliş Fondu” ilə bağlı fikirlərini təqdim edirik:

 –  Dünən Azərbaycan Prezidenti “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında Fərman verdi və elə həmin gün də Fondun Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalandı. Bu sənədlərə münasibətiniz.

– Biz 2020-ci il sentyabrın 27-dən bəri Azərbaycan tarixinin çox şərəfli və çox qürurverici bir dövrünü yaşayırıq. Əvvəl 44 gün ərzində torpaqlarımızın 30 illik  işğaldan azad edilməsi, ardınca da bu 30 ildə erməni vandalları tərəfindən yerlə-yeksan edilən həmin ərazilərin dirçəldilməsinə, bərpasına və məskunlaşmasına başlanılması haqda sənədlərin imzalanması… Hər iki məsələ Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz İlham Əliyevin adı ilə bağlıdır. Hamının yadındadır ki, cənab Prezident Şuşanın azad edilməsi müjdəsini Azərbaycan xalqına verərkən “Şuşa, biz qayıtmışıq!”, “Şuşa, biz səni dirçəldəcəyik!” – dedi və onda bu müraciət tək Şuşaya yox, işğaldan azad edilmiş bütün torpaqlarımıza idi. “Qarabağ Dirçəliş Fondu”nun yaradılması ilə bu dirçəlişə artıq rəsmi start verilmiş oldu.

– Belə bir müstəqil qurumun yaradılması gözlənilən idimi?

– Bəli, gözlənilən idi. Çünki bu, elə bir irimiqyaslı və çoxşaxəli layihədir ki, onu hər hansı bir nazirliyə həvalə etmək olmazdı. Bu prosesdə ən vacib məsələ görülən işlərin şəffaflığının, dövlət və xalq qarşısında hesabatlılığın təmin olunmasıdır. Necə ki, torpaqlarımızın işğaldan azad edilməsi bizim üçün namus və şərəf məsələsi idi, o torpaqların dirçəldilməsi də hər birimiz üçün namus və şərəf məsələsi olmalıdır. Amma təəssüf ki, xüsusilə son illərdə cənab Prezidentin apardığı kadr islahatları və korrupsiyaya qarşı mübarizə tədbirləri sübut elədi ki, hələ də müəyyən dövlət qurumlarında öz vəzifə məsuliyyətini dərk etməyən, korrupsiyaya bulaşmış ünsürlər var. Və təbii ki, belə ünsürlərin hər yerdə öz şəxsi maraqlarını ümummilli maraqlardan üstün tutacağı istisna deyil. Mən bunu xüsusilə uzun illər tikinti sektorunda çalışan və tender maxinasiyaları ilə məşğul olan, bu baxımdan xalqın etimadını itirmiş bir çox qurumlara, o qurumların rəhbərlərinə və tikinti şirkətlərinə aid edirəm. Heç kəsə sirr deyil ki, belə şirkətlərin əksəriyyəti bu və ya digər vəzifəli şəxsin adı ilə bağlıdır, hətta bəzən ailə üzvlərinin adına yaradılmışdır. Şəxsən mənim fikrimcə, ya belə şirkətlər – MMC-lər Qarabağın dirçəldilməsi layihələrinə yaxın buraxılmamalı, üstünlük indiyəqədərki tenderlərdə iştirak etməmiş yerli şirkətlərə və ya xarici şirkətlərə verilməli ya da bu şirkətlərin fəaliyyətinə ictimai nəzarət təmin olunmalıdır.

– Dünən eyni zamanda, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibinin təsdiq olunduğu sərəncam imzalandı.

– Bəli, bu, böyük etimaddır. O tərkibdə xalq arasında ictimai nüfuza malik olan şəxsiyyətlərin, deputat həmkarlarımızın olması da çox ürəkaçandır. Ancaq məni ən çox məmnun edən iqtisadiyyat nazirinin bu siyahıya başçılıq etməsidir. Çünki son illərdə fəaliyyətinin şəffaflığı, effektivliyi və çevikliyi ilə bu nazirlik və onun rəhbərliyi dövlətin və xalqın böyük etimadını qazanmışdır. Əlbəttə, hələ işin başlanğıcındayıq və mən bütün tərkibə bu çox məsuliyyətli işlərində uğurlar arzu edirəm.Modern.az