Deputat: “Pelosinin açıqlamaları erməni təbliğatının təsiri altında formalaşıb”backend

“ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana təktərəfli səfəri ABŞ-ın Cənubi Qafqazda tarazlıq siyasətinə və sülh istiqamətində əməkdaşlıq səylərinə kölgə salır. Ancaq bu, məsələnin yalnız bir tərəfidir. Bu azmış kimi, Pelosi üstəlik Azərbaycanın ünvanına qeyri-obyektiv və əsassız ittihamlar səsləndirir”.

Bunu “Yeni Gundem”-ə açıqlamasında Milli Məclisin deputatı Hikmət Məmmədov deyib.

Deputatın sözlərinə görə, Pelosi Ermənistana səfərini həm də özünün seçkiqabağı təbliğat kampaniyasının tərkib hissəsi kimi görür:

“Onun açıqlamlarından aydın olur ki, N.Pelosinin region və ən son törədilən erməni təxribatı haqqında məlumatları birtərəflidir və erməni təbliğatının təsiri altında formalaşıb.

Əslində, 85 yaşlı siyasətçinin qondarma “erməni soyqırımı” haqqında səsləndirdiyi fikirləri də nəzərə alsaq, aydın olar ki, Pelosi Ermənistana səfərini həm də özünün seçkiqabağı təbliğat kampaniyasının tərkib hissəsi kimi görür. Çünki yaxın zamanlarda Nümayəndələr Palatasına ara seçikiləri keçiriləcək və yeni tərkibdə formalaşan heyətə spiker seçilən zaman ermənipərəst nümayəndələrdən səs almaq lazım olacaq.

Görünür ki, bu səslər Pelosinin yenidən spiker olması üçün çox vacibdir. Ona görə də Pelosi Ermənistanda ərazi bütövlüyü, insan hüquqları haqqında danışan zaman hesab edir ki, ermənilərin rəğbətini qazana bilər və bu rəğbət ona ABŞ-da yaşayan erməni lobbisinin səsi və dəstəyi kimi dönər.

Lakin Pelosi üçün doğrudan da insan hüquqları, demokratiya, ərazi bütövlüyü prinsipi belə qiymətli dəyərlər idisə, nəyə görə iki il bundan qabaq Azərbaycana səfər edib ərazi bütövlüyünün vacibliyi haqqında Ermənistana məsaj vermədi?! Niyə bir milyon qaçqın və məcburi köçkünlərin hüququndan danışmadı?! Əgər ərazi bütövlüyü məsələsi prinsipial idisə, nəyə görə vətəndaşı olduğu ölkə ABŞ-ın Çini vahid Çin olaraq tanıdığı halda bir müddət öncə Tayvana səfər edərək dövlətinin rəsmi siyasətini etibarsızlaşdırmış oldu.

Göründüyü kimi, məsələ ərazi bütövlüyü məsələsi deyil. Azərbaycan da heç bir ölkənin ərazi bütövlüyünə təcavüz etməyib. Əgər iki ölkə arasında sərhədlər hələ delimitasiya edilməyibsə, görəsən, Pelosi necə müəyyən edib ki, kim təcavüzkardır? Ona görə də Azərbaycanın ünvanına səsləndirilən fikirlərin heç bir obyektiv əsası yoxdur və biz belə əsassız fikirləri qətiyyətlə qınayırıq”.