Deputat:Prezident İlham Əliyev Brüssel səfərində Azərbaycanın haqlı mövqeyini ortaya qoydubackend

“Prezident İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında mayın 22-də “Brüssel prosesi” çərçivəsində növbəti üçtərəfli görüş ölkə başçısının diplomatik-siyasi qələbəsi kimi tarixə düşdü. Hər zaman olduğu kimi Prezident İlham Əliyev Brüssel səfərində də Azərbaycanın haqlı mövqeyini ortaya qoydu. Bu görüş bir daha təsdiq etdi ki, Aİ-nin dəstəyi  və təşəbbüsləri ilə Azərbaycanla Ermənistan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format müəyyənləşib.”

Bu fikirləri “Yeni Gündəm”ə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

A.Məmmədov qeyd edib ki, Brüsselə səfər, orada baş tutan görüşlər və ümumilikdə bu hadisələrin forma və məzmun detalları açıq şəkildə bu prosesin siyasi və diplomatik müstəvidə Azərbaycanın Ermənistan üzərində növbəti qələbəsinin təsdiqi oldu: “Bu səfəri həm də, 10 noyabr tarixindən sonra Ermənistan üzərindəki qələbəmizin və keçmiş münaqişəni tarixə qovuşdurmağımızın bütün dünyada təsdiqinin son nöqtəsi hesab etmək olar. Çünki Azərbaycanın müstəqil davranışları və xüsusən İkinci Qarabağ müharibəsindəki qələbəsi Brüsseli mövqeyinə yenidən baxmağa məcbur etdi və İkinci Qarabağ müharibəsindəki parlaq qələbə Aİ-ni regiona münasibətini dəyişməyə sövq etdi. Hələ 2021-ci ilin yay aylarından başlayaraq Aİ tərəfindən Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi tanınaraq Bakının tezisləri qəbul edildi. Bu reallıq isə Aİ rəsmilərinin regiona səfərləri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə baş tutan görüşlərdən sonra baş verdi. Bu baxımdan Brüssel görüşü bir sıra məsələlərin müzakirəsi baxımından səmərəli və məhsuldar oldu. Belə ki, ötən illərə nəzər salsaq görərik ki, münasibətlər mövcud olmuş formatlarla müqayisədə obyektivdir. Aİ Şurasının prezidenti Şarl Mişelin iki dövlət arasındakı münasibətlərin normallaşdırılması istiqamətində təşəbbüsləri, bu prosesə dəstəyi  tamamilə tərəfsizdir.”

Deputat vurğulayıb ki, üçtərəfli görüşdə Ermənistanın hələ 10 noyabr bəyanatında üzərinə götürdüyü öhdəliyə uyğun olaraq kommunikasiya ilə əlaqədar nəqliyyat əlaqələrinin açılması istiqamətində işlərin davam etdirilməsi zərurəti, tərəflərin Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında tranzitləri, habelə hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər üzərində razılığa gəlməsi, eyni zamanda beynəlxalq daşımalar kontekstində sərhəd idarəetmə prinsipləri, təhlükəsizlik, eləcə də gömrük rüsumları və qaydaları barədə də razılığa gəlməsi və yaxın günlərdə baş nazirlərin müavinlərinin bu işi davam etdirmələri əminliklə qeyd etməyə imkan verir ki, Brüssel görüşündə müzakirə olunan məsələlərdə, əldə olunan nəticələrdə Azərbaycan xalqının iradəsi və maraqları əks olunub: “Əldə olunan razılıqlardan biri də dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinə dair müzakirədir. Yaxın həftələrdə xarici işlər nazirlərinin başçılıq etdikləri nümayəndə heyətləri bu prosesi davam etdirəcəklər. Beləliklə, Avropa İttifaqı ən yüksək səviyyədə Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi nailiyyətləri tam olaraq qəbul etməyə başlayıb. Bu proses Aİ-nin Azərbaycanla hərtərəfli əlaqələri yeni səviyyəyə yüksəltmək niyyəti ilə müşayiət olunur.”