Deputat: “Seçiləndən bəri özümə iki köynək, bir cüt ayaqqabı, kəmər, bir neçə cüt corab, altpaltar almışam”backend

Milli Məclisin deputatı Erkin Qədirli gəlirləri və xərcləri ilə bağlı detalları açıqlayıb.

“Yeni Gündəm”-in xəbərinə görə, E.Qədirlin deyib ki, heç bir bankda krediti və ya depoziti yoxdur, heç bir şirkətin səhmdarı deyil: “Adıma yalnız bir əmlak var – 2007-ci ilin buraxılışı olan Toyota Corolla (tiptronik). 2007-ci ildə Toyota Mərkəzindən 3 illik kreditlə almışdım. Maşının qiyməti 20,000 manat, ilkin ödənişim 2,000 manat olub (10%). Krediti Bank of Baku-dan götürmüşdüm (öz seçimim deyildi, Toyota onlarla işləyirdi). Krediti, yanılmıramsa, 22%-lə almışdım (elə verirdilər). Maşınımı aldığım vaxtda ayda 2,100 manat maaş alırdım (xarici layihədə çalışırdım). Aylıq ödənişim 700 manat olub. 2011-ci ildə krediti bağladım. Arada, işsiz qaldığıma görə, maddi sıxıntılarim oldu, ona görə kredit ödənişlərim yubandı. Adıma daşınmaz əmlak yoxdur. Ağlınıza korrupsiya sxemlərini gətirməyin. İş elə gətirdi. Bunu izah etmək üçün gərək şəxsi həyatımla bağlı detallara girim, onu isə etmək istəmirəm. Bunun deputatlığımla əlaqəsi yoxdur.

Bundan öncə paylaşdığım hesabatımda xərclərimlə bağlı suallar oldu (mənə göstərdilər). Şəxsi xərclərimin inandırıcı olmayan dərəcədə az olduğunu yazanlar olub. Güman ki, belə suallar məlumatsızlıqdan qaynaqlanır (başqa şeyi ağlıma gətirmək istəmirəm). Məlumatsızlığınızın mənbəyi də özüməm, çünki hesabatda bəzi şeyləri yazmamışam. Niyə yazmamışam? Çünki onlar maddi məlumatlar deyillər. Amma bir halda ki, sual verildi, şübhə oyandı, cavabımı yazım.

Mən tək yaşayıram. 2014-cü ildə yoldaşımla boşandıq. Şəxsi ehtiyaclarım çox deyil, istəklərim ondan da azdır. Aylıq (ortalama) 4-5 manatlıq işıq sərfiyyatım olur. Yalnız oturduğum otağın işığını yandırıram, böyük lampaları işlətmirəm, qaranlığı sevirəm. Yalnız yay aylarında işıq xərclərim bir qədər artır (kondisionerə görə). Qaz xərclərim lap azdır (evdə nadir hallarda özümə nəsə bişirirəm). Yalnız qış aylarında kombi günə 1 manat yandırır. Onu da çox soyuq və güclü külək olanda işlədirəm (soyuğu sevirəm). Ən sabit xərcim internetdir – ayda 18 manat. Telefonla çox az daşınıram (telefonda danışmağı sevmirəm). Yemək xərclərim azdır. Geyim xərclərim lap azdır. Mühafizəkar olduğuma görə, şəxsi həyatımda yenilik arzulayan birisi deyiləm. Paltarı ancaq ehtiyacım yarananda alıram (cırılanda, söküləndə və s.). Deputat olandan bəri özümə yalnız iki köhnək, bir cüt ayaqqabı (kostyumla geyinmək üçün), kəmər, bir neçə cüt corab və altpaltar almışam. Ayrıca, bundan öncə paylaşdığım hesabatda ancaq kartdan olan ödənişlərimi yazmışam. Mən ərzaqa kartdan nadir hallarda pul xərcləyirəm (hərdən böyük marketlərə gedəndə). Əksər hallarda ərzağı evimin yanında olan kiçik dükanlardan alıram (nağd pulla). Başqa nağd xərclərim də olur. Ümid edirəm, deputat olana qədər pulsuz yaşadığımı düşünmürsünüz və ona qədər, çox da olmasa, bir az pul yığdığımı güman edə bilərsiniz.

Burada bir haşiyə yerinə düşür. 2016-cı ildə Natiq Cəfərli həbs olunanda, ReAl-ın İdarə Heyətinin bütün üzvlərini prokurorluğa çağırdılar (dindirməyə). Hər birimizin maddi durumu ilə maraqlanırdılar. Mənim dindirməmdə müstəntiq mənə belə bir sual verdi: “Erkin müəllim, nəylə yaşayırsınız, pulunuz haradan gəlir?” Mən də sabit qazancım olmadığını, əsasən daha öncə yığdığım puldan xərclədiyimi, bir də dostların yardımı hesabına yaşadığımı dedim (o illər işsiz olmuşam). Onda müstəntiq soruşdu: “Nə qədər pul yığmısınız?” Dedim: “5-6 min olar, dəqiq yadımda deyil”. Müstəntiq (təəccüblə): “5-6 min? Mən Sizi belə zəif bilmirdim”. (haşiyənin sonu).

Ümumiyyətlə, harada və necə işlədiyimdən asılı olmayaraq, barəmda hər zaman çeşidli söz-söhbətlərin olduğunu bilmişəm. Nədənsə, çoxları aza qane olduğumu, rüşvət almadığımı və s. ağlına gətirmirdi. 12 il BDU-nun Hüquq Fakültəsində dərs dedim, axıra qədər barəmdə “əşşi, bu da alır”, “ola bilməz ki, almasın”, “özünü sadə göstərir, amma yoxlasan, nə qədər pulu çıxar” sayağı dedi-qodu gəzdi. İlk illərdə bu, məni çox rahatsız edirdi. Sonra alışdım. Üstəlik, onsuz da əsas rəyi tələbələr verirdi, ondan isə çox rahat idim. 12 il ərzində üst-üstə minlərlə tələbəyə dərs dedim, birinin də rüşvət aldığımı söyləməyə əsası olmadı. İndi deputatam və eyni dedi-qoduların olduğunu görürəm. Yalnız, bu dəfə belə şeylər məni rahatsız etmir. Mən o psixoloji aşırımı çoxdan keçmişəm.

Bunu da yazım, inanmasanız da olar. Kimsəni inandırmaq kimi bir məqsədim yoxdur. İstəklərimin çox az olduğunu yuxarıda yazmışam. Məsələ ondadır ki, həyatda istədiyim şeylərin çoxunu pulla almaq olmur. Ona görə də, ya da həm də ona görə də, pul mənim üçün heç zaman məqsəd və ya motiv olmayıb. Bir deyimdə olduğu kimi – pulla çarpayı ala bilərsiniz, amma yuxu ala bilməyəcəksiniz. Mən belə yaşayıram”.