Deputat: Şuşa Bəyannaməsi tarixi reallıqla barışmağın qaçılmazlığını göstərdibackend

15 İyun Azərbaycan xalqının həyatında xüsusi önəmli tarixdir – Milli Qurtuluş günü. Ancaq 2021-ci ildən etibarən iyunun 15-i Azərbaycan tarixində ikiqat əlamətdar gün kimi qalacaq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmişə  xalqımız və dövlətimizin yanında olan qardaş Türkiyənin Prezidenti cənab Rəcəb Tayib Ərdoğanı Qarabağda – düşmən əsarətindən xilas olmuş Şuşada qəbul etdi və məhz bu tarixdə –  iyunun 21-də Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalandı. Bu, artıq bütün dünyada bir millər iki dövlət kimi tanınan Türkiyə və Azərbaycan xalqının birliyinin əbədi olduğunu təsdiqlədi və sözsüz ki, yaddaşlarımıza mühüm tarixi hadisə kimi həkk olundu.
Əslində Şuşa Bəyannaməsinin məhz Azərbaycan xalqının Qurtuluş günü – 15 iyun tarixinə və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümündə imzalanması təsadüfi deyil, tarix təkrarlanır, məgər vaxtilə xəyanət nəticəsində süqut etmiş Azərbaycan Demokratik Respublikası yenidən bərpa edilmədimi?!

 

Şuşada Türkiyə lideri ilə Bəyannamə imzalayarkən Azərbaycan Respublikası Prezidentinin Qars müqaviləsini yada salması  təsadüfi deyildi. Tarix təkrarlanırdı, ancaq bu dəfə ədalətin qələbəsini nümayiş etdirməklə təkrarlanırdı, bu gün Azərbaycan xalqı 100 il əvvəlkindən fərqli olaraq, qalib xalqdır, öz haqqını bərpa etmiş, vətənini işğaldan azad etmiş xalqdır. Şuşa Bəyannaməsi bütün dünyaya tarixi reallıqla barışmağın qaçılmazlığını göstərdi. Bu bəyannamə Azərbaycan və Türkiyə birliyi şəklində yeni regional düzənin başlandığını göstərdi. Bu həm də Türkiyə – Azərbaycan birliyinin möhkəmlənməsindən o qədər də xoşhal olmayanlara, torpaqlarımıza göz dikənlərə və onların havadarlarına bir mesaj oldu: bundan sonra Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında, Türkiyə öz ordusu ilə ölkəmizin yanında nəinki mənəvi, həmçinin fiziki cəhətdən, ordusu ilə, bütün hərbi gücü ilə yer alacaq – doğma qardaşlar bir-birinə arxa olduğu kimi. Türkiyə Prezidentinin Şuşa Bəyannaməsinin imzalanmasından bir gün sonra Azərbaycanın Milli Məclisində çıxışı zamanı söylədiyi sözlər bu sənədin bütün mahiyyətini açıqlayır: “Bu müqəddəs Vətən müharibəsi dövründə Türkiyə həm dövlət, həm də millət olaraq bütün qəlbi ilə Azərbaycanın yanında yer almışdır. Bu gün də bütün imkanlarımızla Azərbaycanın yanındayıq, bütün dünya bilsin ki, İnşallah, sabah da yanında olacağıq. Necə ki, Balkan müharibəsi zamanı Azərbaycanın Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavad azərbaycanlı gənclərlə birlikdə Osmanlı ordusunun sıralarında döyüşübsə, necə ki, Çanaqqalada Azərbaycandan gələn igidlərlə Anadolunun dəliqanlıları birlikdə mübarizə aparıb, birlikdə şəhadətə ucalıb zəfər qazanıblarsa, necə ki, Qafqaz İslam Ordusunun aslanları – Nuru Paşanın əsgərləri o gün azərbaycanlı qardaşlarımızın yardımına gəlibsə, biz də bu gün və gələcəkdə bir və bərabər olacağıq. Azərbaycanın aydınlığı aydınlığımız, sevinci sevincimiz, azadlığı azadlığımız, taleyi taleyimiz, kədəri kədərimizdir.”

Bununla da bütün bəşər tarixində hamının qəbul etdiyi bir mənəvi dəyər təsdiqlənir. Qardaş qardaşa arxa, dayaq olmalıdır, heç bir məhdudiyyət, süni hədlər bir ananın övladlarını, qardaşı qardaşdan ayırmaq iqtidarında deyil. Azərbaycan və Türkiyə də bir ananın iki övladıdır, illərin, qadağaların onları ayırmaq cəhdlərinə baxmayaraq, 70 illik sovet dönəmində bir-birindən sərhədlərlə, zorla fiziki cəhətdən bir-birindən ayrı salınmış xalqımızın mənəvi əlaqəsi kəsilməmişdir ki, bu da təbiidir və  möhtərəm cənab R.T.Ərdoğanın sözləri bunu bir daha bütün dünyaya elan etdi, Şuşa Bəyannaməsi isə bunu bir daha sənədlərlə də təsdiqlədi.

Ülviyyə Ağayeva

Milli Məclisin deputatı