Deputat “Topaz”ı “TOPA TUTDU”backend

Bütün dünyada olduğu kimi, Azərbaycanda da mərc oyunları hər zaman sonu xoşagəlməz faciələrlə bitir. Əsasən də kişilərin və yeniyetmələrin qurşandığı bu bəla narkotik maddələr qədər asılılıq yaradır, ailələri dağıdır, faizə, borca girmə hallarını artırır. Bu baxımdan Azərbaycanda fəaliyyətinə rəsmi icazə verilən “Topaz” mərc oyunları da vətəndaşlarımız arasında əsl bəlaya çevrilib. Bununla bağlı son vaxtlar ölkəmizdə də ciddi narazılıqlar yaranıb, artıq sosial mediada da geniş müzakirə olunur. Məsələ ilə bağlı münasibət bildirən Milli Məclisin deputatı Elman Məmmədov Demokrat.az-a açıqlamasında deyib ki, o, bu cür oyunların qəti əleyhinədir.

Deputat onu da qeyd edib ki, bütün mərc oyunların adına nə qoyurlar qoysunlar, bunların hamısı zərərli vərdişlərdir:

“Bunlar elə dinimizə də, əqidəmizə də zidd olan məsələlərdir. Həmçinin, müqəddəs kitabımızda da pislənilən məsələlərdən biridir. Hesab edirəm ki, bu oyunlar zərərdən başqa gəncə nəsilə, ictimaiyyətə, cəmiyyətə heç bir fayda vermir və insanları ancaq pis vərdişlərə yönəldir. Bir şeyin ki, adı mərc oyunlarıdır, yəni, bunun indi adını dəyişdiriblər, amma birmənalı olaraq bunlar qumardır, pis, zərərli vərdişlərdir. Təbii ki, qanunla bunların qarşısı alınmalıdır. Kütləviləşməsinə də imkan verilməməlidir. Kimlərsə nə yollasa, fırıldaq yollarla bunun adını dəyişib,  buna rəhbərlik edib və pul qazanırlar. Ancaq bunlar bizim gənc nəsili fəlakətə sürükləyir. Ümumiyyətlə, qumara gedən adamların aqibəti barədə bədii ədəbiyyatlarda da yazılıb, filmlərdə də göstərilib. Yəni, milyonlarını ortalığa qoyurlar, sonra uduzurlar, nə günə düşüb, intihar edirlər. Hətta, ailələri dağılır, min bir bədbədbəxtçiliyə düçar olurlar. Ona görə də, mən Azərbaycanda bütün mərc oyunlarının tamamilə əleyhinəyəm”.

Elman Məmmədov son vaxtlar “Topaz” mərc oyunlarının açıq şəkildə telekanallarda reklam olunmasına da etirazını bildirib:

“Çox təəssüflər olsun ki, bəzən bu cür oyunlar reklam olunur. Təbii ki, burada məqsəd insanları şirnikləşdirmək, aldatmaq və həvəsləndirməkdir. Hansısa işbazlar pul qazanmaq xatirinə bunlara əl atırlar, reklam edirlər. Bəzən görürsən ki, cürbəcür qanunla qadağan olunmuş energetik içkilər bəzi kanallarda reklam olunur, yəni pul müqabilində. Məsələn, deyirlər ki, pul müqabilində pis dərmanları, pis vərdişləri reklam elə, eləcə də, qumar oyunlarını. Hesab edirəm ki, bu sahədə ciddi qadağalar olmalıdır və gənclərimizi bu vərdişlərdən qorumalıyıq, uzaqlaşdırmalıyıq”.