Deputat: “Xarıbülbül” festivalı ruhumuzun qələbəsi olmaqla yanaşı, bütün azərbaycanlıların şərəf bildiyi bir hadisəyə çevrildibackend

“Azərbaycanın mədəniyyət paytaxtı Şuşada 32 illik işğaldan sonra ikinci dəfə “Xarıbülbül” musiqi festivalının keçirilməsi Azərbaycan xalqının tolerantlığının, multikulturalizm dəyərlərinə sadiqliyinin nümayişi, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin mədəniyyət sahəsində davamıdır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun Şuşanı azad etməsi “Xarıbülbül” fes­tivalının yenidən keçirilməsi ənənəsini dirçəltməyə imkan yaratdı. Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivlərinin çıxış etdiyi, xalq və klassik musiqi nümunələrindən ibarət proqramın təqdim olunduğu festivalda xalqımız bir daha bütün dünyaya öz birgəliyini nümayiş etdirdi.  Bu gün bu festivalın keçirilməsi isə onu xarakterizə edir ki, ermənilər nə qədər çalışsalar da Şuşadan Azərbaycan ruhunu silə bilmədilər. Festival sözün əsl mənasında milli birlik, qürur, zəfər, ləyaqət bayramına çevrildi.”

Bu fikirləri “Yeni Gündəm”ə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

A.Məmmədov qeyd edib ki, cənab Prezidentin Şuşa şəhərini ölkənin mədəniyyət paytaxtı elan etməsi və “Xarıbülbül” festivalını bərpa etməsi ölkəmizin mədəni həyatında əlamətdar hadisələrdən biridir: “Xarıbülbül” festivalı mədəniyyət, mənəviyyat baxımından ruhumuzun qələbəsi olmaqla yanaşı həm də siyasi baxımdan da bütün azərbaycanlıların şərəf bildiyi bir hadisəyə çevrildi. 1992-ci ilin mayın 8-nin yəni Şuşanın işğalının necə kədərli və ağır olduğunu hamımız bilirik. Azərbaycan və azərbaycanlılar 28 il Şuşasız yaşasa da bir gün də mənən Şuşasız olmadı. Düşmən Şuşada daşı-daş üstündə qoymadı, at oynatdı, yallı getdi, amma bir həqiqəti unutdu- Müqəddəs bir yurdun övladları bu namərdliyi düşmənə bağışlamaz. Necə ki, bağışlamadı. Müzəffər Ali Baş Komandan qüdrətli ordusu və dəmir yumruğu ilə bu meydanı işğalçıya dar etdi. Beləliklə, 2020-ci ilin noyabrın 8-də Şuşanın işğalçılardan azad olunması bütün acıları unutduracaq tarixə çevrildi.”

Milli Məclisin deputatı bildirib ki, Azərbaycan Şuşa şəhərini yenidən bərpa edir, dirçəldir, onun əvvəlki şöhrətinin qaytarılması üçün yeni dövr başlayıb: “Bu dövr milli qürur, milli ləyaqət və inkişaf, dirçəliş dövrüdür. Qarabağımızın mirvarisi Şuşa şəhəri mədəni, mənəvi ruhunu özünə qaytarır. Gün-gündən çiçəklənən tarixi şəhərimiz təkcə Azərbaycanın deyil, Qafqazın mərkəzinə çevrilir. Azadlığına qovuşandan qısa zaman sonra, Azərbaycanın mədəniyyət paytaxtı elan olunan Şuşa mühüm tədbirlərin ev sahibi olmaqla yanaşı, beynəlxalq toplantıların keçirildiyi məkan kimi də dünyada məşhurlaşıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin ötən il musiqi festivalının açılışında qeyd etdiyi kimi, xalqımız bu günü 30 il səbirsizliklə gözlədi,  heç vaxt torpaqlarımızın işğalı ilə barışmadı,  nəyin bahasına olursa-olsun  ərazilərimizin işğalçılardan azad ediləcəyinə tam əmin idi. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən festivalda mədəniyyət paytaxtımızdan bütün dünyaya bir daha sülh mesajları ötürüldü. Bu Azərbaycanın dünyaya birlik, bərabərlik və multikulturalizm mesajı idi. Bununla bir daha göstərildi ki, Azərbaycan bütün insanlara, millətlərə öz torpaqlarında bir qübbənin altında bərabər, xoşməramla, sevgiylə, məhəbbətlə, qarşılıqlı hörmətlə yaşamağa imkan verən bir dövlətdir.”