Deputat: “Yeni Azərbaycan Partiyası 30 illik yubileyini yeniləşmiş formatda qeyd edir.“backend

Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra böyük faciələrlə üzləşdi. Həm hakimiyyətə gəlmək üçün, həm də hakimiyyətdə olduqları zaman AXC-Müsavat cütlüyünün səriştəsiz və naşı fəaliyyəti, eyni zamanda bir sıra üzvlərinin xəyanətkarlığı nəticəsində dövlətçilyimizə ağır zərbələr vurulurdu. Hakimiyyət uğrunda didişmələr, şəxsi və qrup maraqlarının dövlət mənafelərindən üstün tutulması daxili ictimai-siyasi sabitliyin pozulmasına, qanunsuz silahlı dəstələrin özbaşınalığına gətirib çıxarmışdı. Ölkədə əhalinin yaşayış səviyyəsi günbəgün pisləşirdi və vətəndaş qarşıdurması astanasında olan Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə idi. Daxildəki böhrandan istifadə edən Ermənistan silahlı qüvvələri ərazilərimizi günbəgün işğala məruz qoyurdu. Azərbaycanın bir sıra dövlətlərlə, o cümlədən qonşu dövlətlərlə münasibəti korlanmış, respublikamız beynəlxalq aləmdə təklənmişdi.

Bu sözləri “Yeni Gündem”-ə açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirib.

“Məhz belə bir vaxtda, 1992-ci il oktyabr ayının 16-da 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvanda yaşayan Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin müraciətdə Heydər Əliyevdən yeni bir partiya yaratmaq və yaradılacaq bu siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Əslində bu, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Bir neçə gün sonra, 1992-ci il oktyabr ayının 24-də ümummilli liderimiz Heydər Əliyevin məşhur “91-lər” kimi tanınan ziyalıların ona ünvanlanan tarixi müraciətinə cavab olaraq Yeni Azərbaycan Partiyasının yaranmasına və ona rəhbərlik etməyə razılıq verməsi xalqımızda yaranmış ümidsizlik hissini dağıtdı və gələcəyə inam yaratdı. Beləliklə, 21 noyabr 1992-ci ildə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi.”

Millət vəkilinin sözlərinə görə Yeni Azərbaycan Partiyası 30 illik yubileyini yeniləşmiş formatda qeyd edir.

“Təsadüfi deyil ki, Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi səhnəsinə qədəm qoyarkən onun ən başlıca şüarı “Yeni, müstəqil Azərbaycan uğrunda!” olmuşdur. Məmnunluq hissi ilə qeyd edə bilərik ki, partiyamızın banisi, ümummilli liderimiz Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində bu şüarda səslənən fikir faktiki olaraq həyata keçirilmişdir.Ölkəmizdə gedən bütün proseslər, həyata keçirilən siyasət xalqımızın əsrlərdən bəri tarixi yaddaşında saxladığı arzularını gerçəkləşdirməyə – müstəqilliyini daimi, əbədi, dönməz etməyə imkan vermişdir. Yeni Azərbaycan Partiyasının tarix və xalq qarşısında ən böyük və ümdə vəzifəsi bu siyasi xəttə sadiq qalmaq, bu yolla inamla irəliləməkdir. Həyat artıq çoxdan sübuta yetirmişdir ki, ümummilli liderimiz Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan Yeni Azərbaycan Partiyası ölkəmizdə ən güclü, ən mükəmməl siyasi təşkilatdır və ictimai nüfuzuna görə onunla müqayisə edilə biləcək digər qurum mövcud deyil. Ümummilli lider Heydər Əliyev ideyaları əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının məfkurəsi ən ali ideyalara – xalqımızın istək və arzularının, zəngin gələcəyinin təmin olunmasına və gerçəkləşməsinə xidmət etməkdir.2003-cü ildə ölkə Prezidenti, 2005-ci ildə isə Yeni Azərbaycan Partiyasının Sədri seçilən  möhtərəm Prezidentimiz cənab İlham Əliyevin əsas hədəfi güclü və qüdrətli Azərbaycan qurmaq olmuşdur. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, qətiyyətli və uğurlu siyasət Azərbaycanı güclü dövlətə çevirmişdir. Məhz ölkəmiz öz gücü ilə 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan torpaqlarımızı cəmi 44 gün ərzində işğaldan azad  etdi. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu möhtəşəm tarixi Qələbə qazandı. Azərbaycanın əldə etdiyi parlaq Zəfər eyni zamanda, yeni reallıqlar yaratdı.Yeni Azərbaycan Partiyası da hər zaman öz fəaliyyətini günün tələblərinə uyğun quran siyasi təşkilatdır. Partiya VII qurultayını da məhz yaranmış bu yeni reallıqlar fonunda ötən ilin mart ayının 5-də keçirdi. Düzdür, bu günə qədər keçirilmiş olan hər bir qurultay Yeni Azərbaycan Partiyasının həyatında əlamətdar hadisə olaraq qalmışdır. Lakin VII qurultay bir çox özəllikləri ilə əvvəlki qurultaylardan fərqlənir və Yeni Azərbaycan Partiyasının həyatında yeni dönüş nöqtəsi hesab edilir. Yeni Azərbaycan Partiyası  özünün 30 illik yubleyini də məhz yeniləşmiş formatda qeyd edir. Yeni Azərbaycan Partiyasının  VII qurultayında daha mühüm bir məsələ Birinci vitse-prezidentimiz, çox hörmətli Mehriban xanım Əliyevanın partiya Sədrinin birinci müavini təyin edilməsi oldu. Mehriban xanım Əliyeva ictimai-siyasi faliyyəti ilə xalqımızın böyük rəğbətini qazanmış və Yeni Azərbaycan Partiyasının həyatında xüsusi xidmətləri vardır. Yeni Azərbaycan Partiyası hər zaman siyasi dialoqa açıq bir siyasi təşkilatdır. Siyasi sistemimizin əsas sütunu olan Yeni Azərbaycan Partiyası ölkədə siyasi dialoq mühitinin daha da inkişaf etdirilməsi üçün müxtəlif təşəbbüslərlə iştirak edir ki, burada da məqsəd ən böyük  milli sərvətimiz olan ümummilli həmrəyliyə nail olmaq və gücləndirməkdir.Banisi ulu öndər Heydər Əliyev olan Yeni Azərbaycan Partiyası zamanın sınaqlarından çıxmış, xalqın etimadını layiqincə doğrultmuş partiyadır. Azərbaycan xalqının ən böyük milli sərvəti olan dövlət müstəqilliyini qoruyub saxlayan ümummilli lider Heydər Əliyev 20-ci əsrin sonu – 21-ci əsrin əvvəllərində Azərbaycanı qloballaşan dünyada suveren dövlət kimi formalaşdırmış, milli mənafelərinin reallaşmasının fundamental əsasını qoymuş, mənəvi dəyərlərinin qorunması, mədəniyyətinin inkişafı üçün hər cür şərait yaratmışdır. Ümummilli liderimiz, Yeni Azərbaycan Partiyasının banisi Heydər Əliyevin qurduğu, yaratdığı müstəqil Azərbaycan Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələrə qalxmışdır. “