Deputat: Zəngilan rayonu yenidən qurulur, dirçəldilirbackend

İşğaldan azad edilmiş ərazilərdə yeni regional idarəetmə modeli uğurla tətbiq edilməkdədir. Mayın 4-də Zəngilan rayonuna xüsusi nümayəndənin təyin olunması da bunun göstəricisidir. Artıq Zəngilan rayonu da digər ərazilər kimi yenidən qurulur, dirçəldilir.

Zəngilan rayonuna xüsusi nümayəndə təyin olunan Vahid Hacıyevi videoformatda qəbul edən Prezident cənab İlham Əliyev Zəngilan haqqında çox əhatəli məlumat verərək onun qarşısında mühüm vəzifələr müəyyənləşdirdi. Ölkə başçsı çıxışında vurğuladı ki, Azərbaycanın işğal olunmuş digər əraziləri kimi Zəngilan rayonu da erməni vandalizimindən əziyyət çəkib. Demək olar ki, bu rayon tamamilə yerlə yeksan edilib və cəmi bir-iki salamat bina qalıb ki, o binaları da erməni hərbçiləri istifadə edirmişlər. Həmçinin Zəngilanda mövcud olan acı mənzərə azad edilmiş bütün başqa torpaqlarda da mövcuddur. Artıq Zəngilan rayonunda tarixi-dini abidələrinin bərpası işləri başlanıb və hazırda Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Zəngilan şəhər məscidi əsaslı şəkildə təmir olunur. Erməni vandalları bu məscidi tamamilə dağıtmışdılar və məscidin cəmi bir divarı qalmışdı.
Ölkə başçısı həmçinin keçmiş məcburi köçkünlərin azad edilmiş torpaqlara tezliklə qayıtmasının əsas məsələlərdən biri olduğunu qeyd etdi. Zəngilan birinci rayondur ki, keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. Birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Böyük və rahat kənd olacaq Ağalı faktiki olaraq yenidən qurulur. Ağalı kəndinin timsalında hər kəs işğaldan azad olunmuş ərazilər ilə bağlı Azərbaycanın planlarını görə bilər. Təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf – əsas amillərdir.
Prezident cənab İlham Əliyev Zəngilan rayonunda böyük infrastruktur layihələri icra edildiyinə diqqət çəkərək onların arasında Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturu haqqında məlumat verdi. Həmçinin Zəngilanda bu il Beynəlxalq Hava Limanı istismara veriləcək və bu hava limanının çox böyük funksiyaları olacaq. Ölkə başçısı bildirdi ki, Zəngilan beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi inkişaf etməlidir. Rayonun yerləşməsi, beynəlxalq bazarlara yaxın olması və digər amillər bunu təmin edəcək. Eyni zamanda rayon ərazisində dörd və altı zolaqdan ibarət olan avtomobil yolu sürətlə inşa olunur. Zəngilan gəlcəkdə mühüm nəqliyyat qovşağı rolunu oynaycaq. Belə ki, Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün yeni beynəlxalq bir yol olacaq.
Ölkə başçısı işğal dövründə Ermənistan rəhbərliyinin Zəngilandan keçməklə Ermənistandan Cəbrayıla yol çəkmək istədiyini xatırlatdı və onların bu ümidlərinin, ümumiyyətlə, bütün ümidlərinin gözlərində qaldığını vurğuladı. Artıq Azərbaycan öz əzəli torpaqlarında Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına bir çox zolaqdan ibarət yol çəkir və bu yol Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcək. Həmçinin Horadizdən Ağbəndə gedən dəmir yolunun inşası sürətlə aparılır. Bu dəmir yolu həm vətəndaşlar üçün, həm də beynəlxalq yükgöndərənlər üçün çox əlverişli bir infrastruktur olacaq. Bu gün Azərbaycan istənilən yükü qəbul edə, onu tranzit kimi ötürə bilir və Azərbaycanın bu imkanları daha da artacaq. Bu məsələdə yeni nəqliyyat dəhlizi olacaq Zəngəzur dəhlizi əlavə imkanlar yaradacaq. Prezident İlham Əliyev qeyd etdi ki, son vaxtlar Azərbaycana Xəzər dənizinin Şərq hissəsindən çoxlu müraciətlər daxil olub. Azərbaycan ərazisindən yük göndərmək istəyənlərin həm sayı, həm də yüklərin həcmi artır. Bu səbəbdən Zəngəzur dəhlizi Azərbaycan və qonşu dövlətlər üçün əlavə imkanlar yaradacaq.
Cənab Prezident azad olunmuş ərazilərdə əhalinin məşğulluğunun təmin edilməsinin vacibliyinə diqqət çəkərək keçmiş məcburi köçkünlərin Ağalı kəndinə qayıdan zaman artıq orada işlə məşğul olmaq üçün lazımi imkanlarının olacağını bildirdi. Belə ki, bu il Zəngilanda yeni müəssisələrin yaradılması nəzərdə tutulur. Ölkə başçısı bildirdi ki, Zəngilan rayonunda əsas məşğulluq və iqtisadiyyatın əsas hissələrindən biri də kənd təsərrüfatı olmalıdır. Azad edilmiş torpaqlarda kənd təsərrüfatı ilə bağlı çox böyük planlar var. Dövlət üçün ərzaq təhlükəsizliyi ön plandadır. Son illərdə bu istiqamətdə bir çox işlər görülüb. Ancaq hələ ki, Azərbaycan özünü 100 faiz ərzaqlıq buğda ilə və bütövlükdə taxılla təmin edə bilmir. Burada əsas məsələ həm məhsuldarlıq, sudan düzgün istifadə edilməsi, eyni zamanda, azad olunmuş torpaqlarda əkin yerlərinin düzgün seçilməsi və orada aqrotexniki xidmətin göstərilməsidir. Azad edilmiş ərazilərin təbii iqlimi və coğrafiyası elədir ki, orada heyvandarlıqla genişmiqyaslı məşğul olmaq olar.
Ölkə başçısı öz çıxışında bildirdi ki, Ermənistan işğal dövründə işğal altında olan torpaqların ekologiyasına da böyük zərər vurmuşdur. Əlli-altmış min hektar meşə ilə örtülü sahə tamamilə məhv edilmişdir. Xüsusilə Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarında meşələrin kütləvi surətdə qırılması prosesi gedirdi. Avropada ərazisinə görə ikinci ən böyük çinar meşəsi Zəngilan rayonunda olub – Bəsitçay təbiət qoruğu. Qoruğun böyük hissəsi məhv edilib. Bəsitçay təbiət qoruğunun bərpası artıq başlanıb. Ermənistan Zəngilandakı və digər rayonlardakı qızıl və digər qiymətli metallar yataqlarını da vəhşicəsinə istismar etmişdir. Oxçuçay da Ermənistanın ekoloji terroruna məruz qalmışdır. Ermənistanda istismar edilən mis kombinatının bütün axıntıları Oxçuçaya təmizlənmədən ötürülürdü. Rəsmi İrəvan törətdiyi bütün cinayətlərə görə məsuliyyət daşımalıdır. Dəymiş bütün ziyan hesablanır, bütün şəhər və kəndlərin pasportlaşdırılması prosesi gedir. Hər bir binanın, yaxud da ki, o binadan qalan dağıntıların video-foto çəkilişi aparılır. Bu, sübutdur və Azərbaycan beynəlxalq məhkəmələrə müraciət etmək əzmindədir.
Cənab Prezident həmçinin Zəngilan rayonunda böyük turizm potensialının olduğunu da bildirdi. Gözəl meşələr, dağlar, bulaqlar, çaylar və beynəlxalq hava limanı, dəmir yolu, avtomobil yolları bütün bunlar böyük bir sərvət olacaq. Ölkə başçısı qeyd etdi ki, Zəngilan rayonunun turizm potensialı digər rayonlarda yaradılacaq turizm imkanları ilə də uzlaşdırılmalıdır. Otellər, istirahət zonaları yaradılmalı, kənd turizmi inkişaf etdirilməlidir. Bütün bunlar isə oraya qayıdacaq insanlar üçün məşğulluq və gəlir mənbəyi olmalıdır.

Cavid Osmanov
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı