Deputatdan etiraz: “Bu, Qərbi Azərbaycan qaçqınlarına qarşı haqsızlıqdır”backend

“1988-ci ildə növbəti dəfə alovlanan Qarabağ münaqişəsi, daha doğrusu, ermənilərin Azərbaycana qarşı növbəti işğalçılıq siyasəti millətimizə və bütövlükdə bölgəyə çox böyük fəlakətlər gətirdi. İlk növbədə 1988-1991-ci illərdə tarixi torpaqlarımız olan Qərbi Azərbaycandan 300 min nəfər soydaşımız vəhşicəsinə qovuldu.

Ona görə də söhbət Qarabağ münaqişəsi nəticəsində yurdundan didərgin düşmüş qaçqınlar və məcburi köçkünlərdən gedirsə, burada mütləq Qərbi Azərbaycandan qovulan soydaşlarımız da nəzərdə tutulmalıdır”.

Deputat, Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli bu fikirləri Musavat.com-a açıqlamasında bildirib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin Rusiyanın “İzvestiya” qəzetinə müsahibəsində “ermənilər Azərbaycanda bizim ölkənin vətəndaşı olaraq, münaqişəyə qədər yaşadıqları kimi yaşaya bilərlər”, deməsinə reaksiyasında bunları bildirdi:

“Necə ola bilir, vaxtilə Qarabağda yaşamış erməni, Azərbaycana qarşı bütün hərbi və dövləti cinayətlərinə baxmayaraq, qayıdıb yenidən Qarabağda yaşayır, amma min illər boyu Zəngəzurda, Göyçədə və başqa tarixi mahallarımızda yaşayan və 1988-1991-ci illərdə qovulan azərbaycanlılar qayıdıb öz evində yaşaya bilmir? O insanlardan bu haqqı kim alıb və ya kim ala bilər?”

Deputat məsələ ilə bağlı dövlət başçısının prinsipial mövqeyini də xatırladıb: “Cənab Prezident İlham Əliyev dəfələrlə deyib ki, Zəngəzur, Göyçə, İrəvan bizim tarixi torpaqlarımızdır və biz o torpaqlara qayıdacağıq. Bəli, bu yolun geriyə dönüşü yoxdur. Əgər erməni gəlib Azərbaycanda mənimlə yanaşı yaşamaq istəyirsə, mən buna dözməyə məhkumamsa, demək mən də gedib Zəngəzurda, Göyçədə erməni ilə yanaşı yaşayacam və erməni bunu qəbul etməyə məcburdur”.

Ə.Ələkbərli rəsmiləri bu həssas məsələ ilə bağlı açıqlamalarında ehtiyatlı olmağa çağırıb: “Mən təəssüf edirəm ki, bizim məmurlar, bəzi siyasət adamları ermənilərin qayıdıb Azərbaycanda yaşamasından bəhs edəndə, Ermənistandan qovulanların da qayıdıb öz vətənində yaşaması barədə susurlar. Bu, yolverilməzdir. Bu, Qərbi Azərbaycan qaçqınlarına qarşı haqsızlıqdır, “məndən ötdü, qardaşıma dəydi” təfəkkürüdür. Ümid edirəm ki, belələri öz siyasi leksikonlarını təcili redaktə etməlidirlər”.