“Deyirdilər ki, burada min manat ödəyənlər Azərbaycanın “ən yaxşı”sı olurlar” – VİDEObackend

Ötən gün Bakıda növbəti mükafatlandırma mərasimi keçirildi.

News24.az-ın məlumatına görə, Aqil Məmiyev və Ləman Mirtalıblının təkşil etdiyi “Best Azerbaijan Awards” adlı tədbir fiaskoya uğradı.
Saat 17:00-da başlamalı olan tədbirə 19:35-da aparıcıların qonaqları zala saysız-hesabsız çağırışı ilə start verildi.

Əslində saatlarla gecikmə mükafatlandırma mərasiminin qeyri-peşəkar təşkilinin ilk siqnalı idi.

Amma görünür, təşkilatçılar tədbiri dəbdəbəli oteldə keçirmək, Xalq artistlərini, səfirləri oraya dəvət etməklə tədbirin baş tutduğunu zənn edirdilər.
Amma…  Ard-arda sponsorların bəh-bəhli təqdimatı, uzun-uzadı uduş lotereyası oyunu zalda əyləşənləri sözün əsl mənasında bezdirdi.
Mükafatlandırılanların mədəniyyət, incəsənət, media sahəsindəki statusu, mövqeyi nəzərə alınmadan necə gəldi verilməsi isə əksəriyyətdə qıcıq yaratdı.

Xalq artisti Həmidə Ömərovanın saatlara gözləyib sonda məkanı mükafatsız tərk etməsi, üstəlik, gecəyə qatılanlar arasında mükafatların bəzi sahiblərinə satılması haqda gəzən söz-söhbətlər hiddət yaratdı.
Səksəndən çox nominasiya üzrə mükafat təqdim olunduqca, yerlərdən “min manat ödəyənlər Azərbaycanın “ən yaxşı”sı olurlar” kimi replikaları səslənirdi.

Məsələ ilə bağlı açıqlama verən təşkilatçı Aqil Məmiyevsə deyilənləri əsassız sayır: “İncikliklər siyahıdakı dəyişikliklərlə bağlı oldu. Lotoreyanın oynanılması əvvəldə olmalı deyildi. Ona görə hər şey qarışdı. Mükafatların ödənişlə verilməsinə gəlincə, deyim ki, bu, reklamla bağlıdır. Daha doğrusu, mükafat alanların bəziləri öz şərtləri çərçivəsində tədbirdə iştirak edib brendlərini tanıdırlar. Yəni, ödəmə ilə özlərini tanıdıb sponsorluq edirlər. Qiymət onların seçiminə görə dəyişir. Bura “şourum” və ya ekranda videoçarxların yayımlanması daxildir”.

A.Məmiyev Həmidə Ömərovanın inciyib məkanı tərk etməsinə də münasibət bildirdi: “Həmidə xanımın adını çəkəndə beş dəqiqə idi ki, məkanı tərk etmişdi. Adı siyahının əvvəlində idi. Səhv etmirəmsə, tələsirdilər. Amma, zəng edib üzrxahlıq edəcəyəm”.
Qeyd edək ki, tədbirdə aparıcı Zümrüd Bədəlova səhnəyə çıxaraq tədbir təşkilatçılarını sərt tənqid etdi. O, “Həmidə Ömərova kimi sənətkar və illərin əməkdar televiziya işçilərinin hamısı acıq edib getdilər. Mən illərdir verilişlərimdə bu tədbiri çox gözəl işıqlandırmışam. Amma bu dəfəki süjetə baxanda çox xahiş edirəm ki, inciməyəsiniz” dedi.

Səhnəyə çıxan Xalq artisti Faiq Ağayev isə mükafatın üzərində qeyd olunan adının səhv yazıldığını irad tutdu.
Tədbirində sonuna yaxın səhnədə yer alan fitnes məşqçi Kamil Zeynallı isə mükafatı aldıqdan sonra məkanı tərk edənlərin ünvanına kəskin ifadələr səsləndirdi. Mükafatdan imtina edən K.Zeynallı: “Mən axıra kimi gözləyə bilirəm, o mükafatı alıb qaçıb gedənlər yox? Niyə digər mükafat alanlar gözləmədilər? Biz onları alqışlaya bilirik, onlar bizi yox? Vacib işi olmayıb makafatı alıb qaçıb gedənlər, mənim Maksımdan artıq deyilsiz”.
Mükafatlandırma mərasiminin sonuna yaxın zalın demək olar ki, tamamilə boşalması təşkilatçıları təlaşa saldı. Onlar mükafat almalı olan şəxsləri səhnəyə qrup şəklində dəvət etməyə başladılar.