DİN-dən bloqerin döyülməsi ilə bağlı AÇIQLAMAbackend

Bloqer Atlas Fərəcova sevgilisi tərəfindən döyüldüyünü iddia edib.

Bu barədə o, idarə etdiyi “materazzi.13” adlı instaqram səhifəsində bildirib.

Fərəcova zorakılığa məruz qaldığını əks etdirən şəkilləri yayımlayıb və bunları yazıb: “İki gün əvvəl öz evimin həyətində 2 illik sevgilim tərəfindən vəhşicəsinə döyülmüşəm. Səsimə bacım çıxmasa, yanında gətirdiyi xəncərlə məni öldürəcəkdi. Məni heç kim bu şiddətə qarşı susdura bilməz və susmayacağam da”.

“Əlimdə müayinə nəticələri var, burnum 4 yerdən qırılıb. 6 ay sonra əməliyyat olunacam”, – deyə əlavə edib.

Bloqer Daxili İşlər Nazirliyinə müraciət edib.

DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinsə müraciəti daxil olub və araşdırma aparılır: “Zərərçəkən şəxs bölməyə dəvət edilib, onun xəsarətinin dərəcəsinin müəyyən edilməsi ilə bağlı ekspertiza təyin edilib. Həmçinin zərərçəkənin hadisə ilə bağlı ifadəsi alınıb. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.