Diplomatik cəbhədə böyük uğurlar qazanıldıbackend

Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin – müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu real faktordur ki, bütün müharibələrdə əsas sözü xalq və onun ordusu dediyi kimi uğurlu zəfərlərdə sərkərdənin də çox böyük rolu olur. Bu gün Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə – Ali Baş Komandana sahib olduğunu aşkar gördü. Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Prezident İlham Əliyev 17 ildə həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi. Ərazi bütövlüyümüzün birmənalı olaraq təsdiq edildi.

“Qarabağ Azərbaycandır!” reallığı 44 gündə mümkünsüzü mümkün etdi.

Bu qələbənin əldə edilməsində Azərbaycan Ordusunun şücaəti və qəhrəmanlığı ilə yanaşı, Prezident İlham Əliyevin misilsiz diplomatiyası əhəmiyyətli rol oynamışdır. Bu qələbənin istər hərbi, istərsə də diplomatik aspektləri hazırda dünya ekspertləri tərəfindən ciddi şəkildə araşdırılmaqdadır. İlham Əliyevin “Qarabağ Azərbaycandır” çağırışı ilə böyük Zəfərə aparan diplomatiyası Azərbaycanın dünya birliyi tərəfindən qüdrətli bir ölkə kimi yenidən kəşf olunmasına gətirib çıxardı. Ölkəmiz nəinki regionda, eləcə də beynəlxalq aləmdə tamamilə yeni bir reallıq yaratdı. Bu diplomatiya Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin və diplomatik uğurlarının davamı və bir daha təsdiqi idi.
Azərbaycan Respublikası müstəqilliyinin ilk günlərindən Ermənistanın hərbi təcavüzü ilə üzləşmiş və nəticədə beynəlxalq səviyyədə tanınmış ərazilərimizin 20 faizi (keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti və ətraf 7 rayon) işğal olunmuş, həmin ərazilərdə Ermənistan silahlı qüvvələri tərəfindən etnik təmizləmə həyata keçirilərək bütün azərbaycanlı əhali öz evlərindən zor gücünə qovulmuşdur. Ermənistan tərəfindən dünyanın müasir tarixinin ən dəhşətli soyqırımı olan Xocalı faciəsi törədilmişdir. Bir milyona yaxın azərbaycanlının fundamental insan hüquqları pozulmuş, onlar qaçqın və məcburi köçkünə çevrilmişlər.
Keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı beynəlxalq ictimaiyyətin mövqeyi həm dövlətlər tərəfindən ikitərəfli əsasda qəbul edilmiş sənədlərdə, həm də beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qərar və qətnamələrdə öz əksini tapmışdır. Azərbaycanın diplomatik səyləri nəticəsində beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə (BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 nömrəli qətnamələrində, Baş Assambleya, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Qoşulmama Hərəkatı və digər təşkilatlar tərəfindən qəbul edilən qərar və qətnamələrdə) münaqişənin həlli ilə bağlı mövqe özündə bir neçə vacib elementi ehtiva etmişdir. İlk növbədə, ölkəmizin ərazi bütövlüyü tanınır və Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu təsdiqlənir. İkincisi, işğalın aradan qaldırılması və işğalçı qüvvələrin Azərbaycan ərazilərini tərk etməsi tələb olunur. Üçüncüsü, qaçqın və məcburi köçkünlərin öz evlərinə geri qayıtmaq hüququ təsbit edilir.
Azərbaycanın işğal altında olan ərazilərində işğalçı Ermənistan tərəfindən həyata keçirilən qanunsuz fəaliyyət, o cümlədən işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasətinin aparılması, bu torpaqlardakı Azərbaycan xalqının zəngin tarixi, mədəni, dini irsinin məhv və talan edilməsi, təbii sərvətlərin qanunsuz istismarı, bu ərazilərdəki şəxsi və ictimai mülkiyyətin qanunsuz mənimsənilməsi və digər qeyri-qanuni addımlar da beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan sənədlərdə geniş yer almışdır. Bütün bunlar Azərbaycanın beynəlxalq təşkilatlara çoxsaylı müraciətlərinin və aparılan uğurlu xarici siyasətin nəticəsində mümkün olmuşdur.
Beynəlxalq hüququn norma və prinsiplərinə, həmçinin beynəlxalq təşkilatların qətnamə və qərarlarına uyğun olaraq, Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini işğaldan azad edəcəyi ümidi ilə Azərbaycan 30 ilə yaxın danışıqlar prosesinə sadiq qalmışdır. Keçmiş münaqişənin həlli üzrə aparılan danışıqlar prosesində Azərbaycanın sərgilədiyi mövqe prinsipial xarakter daşımaqla beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmış və uzun illər ərzində davam edən proses çərçivəsində dəyişilməz qalmışdır. Bu mövqe beynəlxalq hüququn dövlətlərin suverenliyi, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsiplərinə hörmət edilməsi, qanunsuz işğal faktorunun aradan qaldırılması və öz evlərindən didərgin düşmüş insanların hüquqlarının bərpasından, onların evlərinə təhlükəsiz şəraitdə geri dönüşünün təmin edilməsindən ibarət olmuşdur. Təcavüzkar siyasətini davam etdirən Ermənistan isə danışıqlar prosesini ləngidərək, Azərbaycan torpaqlarının işğalının nəticələrini möhkəmləndirmək və onların ilhaqını həyata keçirmək məqsədini güdmüş və bu istiqamətdə ardıcıl addımlar atmışdır. Beləliklə də, Azərbaycanın münaqişənin siyasi həll yoluna sadiq olmasına baxmayaraq, Ermənistan tərəfindən açıq şəkildə təxribatçı və təcavüzkar hərəkətlərin, habelə destruktiv mövqeyin nümayiş etdirilməsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün hərbi-siyasi yolla bərpasını qaçılmaz etmişdir. Azərbaycan Respublikasının Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi böyük Qələbə Azərbaycan tarixinin şanlı səhifəsini təşkil etməklə yanaşı, bölgədə yeni reallıqlar yaratmış, Azərbaycanın ərazi bütövlüyü təmin edilmiş, bir milyona yaxın azərbaycanlının pozulmuş fundamental hüquqları bərpa edilmiş, tarixi ədalət bərqərar olmuşdur. Azərbaycan Prezidentinin 24 sentyabr 2021-ci il tarixində BMT Baş Assambleyasının 76-cı sessiyasında qeyd etdiyi kimi, “Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb və hər kəs bunu nəzərə almalıdır. Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir”.
Prezident İlham Əliyev BMT Baş Assambleyası kürsüsündən birmənalı şəkildə bəyan etmişdir: “Azərbaycan beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyini bundan sonra da dünya müstəvisində qətiyyətli şəkildə müdafiə edəcək və beynəlxalq sərhədlərimiz çərçivəsində ölkəmizin, xalqımızın inkişafına yönəlmiş səyləri davam etdirəcəkdir. Ümid edirik ki, çoxdan gözlənilən sülh, təhlükəsizlik və sabitlik, nəhayət, Cənubi Qafqazda bərqərar olacaq. Əks təqdirdə yenidən Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və xalqımızın təhlükəsizliyinə hər hansı bir təhdid olarsa, legitim özünümüdafiə hüququmuzdan heç bir tərəddüd etmədən istifadə edəcəyik”.
Hər bir dövlətin daxili və xarici siyasətinin uğurunun təməlində, ilk növbədə, xalqın birliyi və xalqın dəstəyi dayanır. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının birliyinin və inamının ən bariz göstəricisi olmuşdur.

Pənahova Suma –Nəsimi rayon  təhsil işçisi, Pedaqoq