“Direktor məktəbdə fala baxacaq?”backend

İmtahan — insanın biliyinin qiymətləndirilməsi prosesi. Əsas cəhəti müəyyən dövrdən bir keçirilməsidir. Müxtəlif növ imathanlar mövcuddurlar: orta məktəb, ali məktəb, kurs , test, işə qəbul və s. Onların hamısı müəyyən dövrdə əldə edilmiş biliyin qiymətləndirilməsi üçün keçirilir.

Bunu niyə qeyd etdim. Ölkəmizdə test üsulu ilə imtahan 1992-ci ildən etibarən keçirilir. Əsasən kütləvi imtahanların şəffaf və çevik təşkili məqsədi güdülür.

Amma nəticələri təhlil edəndə görürük ki, təhsildə yuxarıya doğru qalxdıqca müsabiqə şərtləri aşağı düşür.

Düşünürəm ki, ən sərt qaydalar, şərtlər təhsilin idarəetməsində iştirak edən şəxslərə tətbiq edilməlidir. Amma indi əksidir.

Nümunələrə baxaq, ali məktəblərə qəbul olmaq üçün məktəb şagirdlərinə keçid balı qoyulur.

Müəllimlərin işə qəbulunda Bakı şəhəri üzrə 48, bölgələr üzrə 36 bal keçid balı qoyulur, dövlət qulluğuna qəbulda 70, 75 və 80 bal belə keçid balı tətbiq edilir.

Biz idarəetməyə ən yaxşılarını seçməliyik. Bəli, yaxşıların seçilməsi üçün keçirilən imtahan da bunlardan biridir.

Kimsə danışmasın ki, test əzbərləməklə yaxşı olunmur. Olunur, əzizim, olunur. Deyirlər ki, direktor olmaq üçün xüsusi “Allah vergisi” olmalıdır. Bu məktəbdə fala baxacaq?

Məktəb direktoru qanunvericilik bazasını bilsə, o yaxşı idarə edəcək. Çünki təhsil qanunvericiliyində müəssisəsini necə idarəetmək lazımdır, qeyd edilib.

Yəni MİQ-də 55 bal toplayana, DİQ-də 10 bal toplayanın rəhbərlik etməsi ədalətli deyil.

Mənə maraqlı gələn həm də imtahan iştirakçılarının sayının az olmasıdır.

Orta məktəbdə direktor olmaq üçün 5 il pedaqoji staj və elə pedaqoji ixtisas üzrə ali təhsil lazımdır. Amma Təhsil nazirliyi direktor olmaq üçün pedaqoji ali təhsil tələbini pozmaqda davam edir. Kifayət qədər məktəb direktorları var ki, pedaqoji ali təhsilləri yoxdur.

Mən amma indi başqa məsələni qeyd edirəm. Orta məktəblərdə 5 il stajı olmayan 30 min müəllim var. Deməli, bizim hal hazırda orta məktəblərdə ən azı 5 il pedaqoji stajı olan 120 min müəllim var. Bəs niyə onların yalnız 2 min nəfəri direktor vəzifəsinə namizəd olur?

Deməli, onlar prosesin ədalətli, şəffaf, demokratik olacağına inanmırlar.

Mən bu barədə qəti deyə bilmərəm ki, proses şəffafdır və ya şəffaf deyil, çünki əlimdə hər ikisi üçün tutarlı fakt olmalıdır. İndi kimsə durub deməsin ki, qardaşın bəs necə təyin olunub?

Dedim axı, bir güllə bahar olmur. Bu xoruz fəlsəfəsidir. Əksini deyəcək də informasiyalar var, amma faktlar yoxdur. Dediyim kimi, prosesin şəffaf olub-olmaması ilə bağlı qəti mövqe nümayiş etdirmirəm.

Kamran Əsədov

Ekspert