Dollar bahalaşdı – Türkiyədəbackend

Türkiyə Prezidenti Recep Tayyip Erdoğan mərkəzi bankın sədrini qəfil işdən çıxarandan sonra lirə 17 faiz ucuzlaşıb.

Martın 22-də səhər bir dollar 8.36 lirəyə bərabər olub. Ötən həftənin sonunda bu göstərici 7.21 idi.

Bu düşüş tədiyyə balansında böhran riski yaradır. Türkiyə mediası bəzi yerli bankların xarici valyuta və qızıl mübadiləsini dayandırdığını xəbər verir.

Martın 19-da Erdoğan mərkəzi bank rəhbəri, keçmiş maliyyə naziri Naci Ağbalı vəzifədən çıxarıb, onu hakim partiyanın keçmiş üzvü Sahap Kavcıoğlu ilə əvəzləyib. Bu isə monetar siyasətə siyasi müdaxiləsi sarıdan investorların narahatlığına səbəb olub.

Dəyişikliyin səbəbi izah olunmayıb. Amma bir gün öncə mərkəzi bank son beş ayda faiz dərəcəsini üçüncü dəfə artırıb, 17 faizdən 19 faizə qaldırıb. Məqsəd ikirəqəmli inflyasiyanı nəzarətə almaqdır.

Faiz dərəcəsini bazarlar alqışlayıb. Amma Erdoğanın fikrincə, yüksək faiz dərəcəsi inflyasiya yaradır. Baxmayaraq ki,, bütün iqtisadçılar faiz dərəcələrinin yüksək olmasının inflyasiyanı yavaşıtması fikrilə razıdırlar.

“Bu o deməkdir ki, hökumət yenə də iqtisadiyyata aşağı faiz dərəcəsi siyasəti ilə stimul verməyə çalışacaq”, – Koç Universiteti – TUSIAD İqtisadi Tədqiqat Forumunun direktoru Selva Demiralp deyib.

“Belə bir prioritetin isə lirəyə həddən artıq təzyiq göstərməsi, iqtisadiyyatı daha da azaltması riski var”, – o, “Reuters”ə deyib.

Kavcıoğlu 2019-cu ilin ortasından bəri mərkəzi bank rəhbərliyinə gətirilmiş üçüncü şəxsdir. O, Ağbalın sərt siyasətini tənqid edib.

“Dünyada faiz dərəcəsinin sıfıra yaxınlaşdığı bir vaxtda yüksək faiz dərəcəsi bizim iqtisadi problemləri yoluna qoymayacaq”, – o, ötən ay hökumətyönlü “Yeni Şafak” qəzetində yazırdı.

Faiz dərəcəsinin yüksəkliyi “dolayısı ilə inflyasiyanı da artırır”, – deyə o, Erdoğanın fikirlərinə oxşar mövqe səsləndirib.

Türkiyə elektrik enerjisini və sənaye sektoru üçün xammalı dollarla alır deyə lirənin zəifləməsi ölkədə inflyasiyanı şişirdə bilər.