Dövlət Agentliyinin sədri Fransa səfiri ilə görüşübbackend
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Fransa Respublikasının Azərbaycan Respublikasındakı yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zakari Qros ilə görüşüb.
Agentlikdən “Yeni Gundem”-e verilən məlumata görə, görüşdə “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub. Bildirilib ki, “ASAN xidmət”də bu günədək 34 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015), həmçinin 2019-cu ildə Bakıda Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumu çərçivəsində BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülüb. Qonağa Dövlət Agentliyinin elektron hökumət sahəsində həyata keçirdiyi fəaliyyət barədə də məlumat verilib. Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Fransa Respublikasının Baş Naziri yanında Dövlət İslahatları və Asanlaşdırma üzrə Dövlət Katibliyi arasında 14 mart 2017-ci il tarixində imzalanmış Anlaşma Memorandumunun implementasiyası ilə əlaqədar məsələlər müzakirə edlib. Azərbaycanın dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl modeli olan “ASAN xidmət”in xarici ölkələrdə tətbiqi perspektivləri üzrə fikir mübadiləsi aparılıb və əməkdaşlıqdan bəhs olunub. Dövlət Agentliyinin sədri cari ilin iyun ayında ölkəmizdə keçirilmiş BMT Dövlət Xidmətləri Forumu zamanı təsis olunmuş “Dövlət Xidmətləri Göstərən Qurumların ASAN Beynəlxalq Assosiasiyası” barədə məlumat verib və Fransa tərəfini müvafiq Assosiasiyada görməkdən məmnun olacağını qeyd edib. Eyni zamanda Fransanın dövlət xidmətləri sahəsində məsul qurumu cari ilin dekabr ayının sonunda Azərbaycanda keçiriləcək Dövlət Xidmətləri Göstərən Qurumların ASAN Beynəlxalq Assosiasiyasının Nazirlər Toplantısına dəvət edilib. Qonaq, həmçinin ASAN Radio, “ASAN Təlim-Tədris Mərkəzi”, “ABAD” publik hüquqi şəxsin fəaliyyəti ilə tanış olub. Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaq mərkəzə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Yenigundem.az