Dövlət başçısı: Biz kibertəhlükəsizliklə məşğul olmalıyıqbackend

Rəqəmsal kommunikasiya məsələsinə gəlincə, bəli, biz müasir dünyanın trendlərini başa düşürük. Yeri gəlmişkən, biz keçmiş Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyimizin adını dəyişdirib Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi qoymağı qərara alanda, bu, reallığı əks etdirirdi. Çünki, indi bu, inkişaf və təhlükəsizliyin ən mühüm elementlərindən biridir.

“Yeni Gundem” xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda ekspertlərin suallarını cavablandırarkən deyib.

“Bizim hansı modeli seçdiyimizi demək ola bilsin ki, mənim üçün çətin olar. Düşünürəm ki, ekspertlər və mütəxəssislər mənə bununla bağlı məsləhətlərini verəcəklər, çünki, mən bu sahə üzrə mütəxəssis deyiləm. Lakin biz yenə də qabaqcıl təcrübəyə, qabaqcıl texnologiyaya və ən yaxşı qorunmaya əsaslanaraq seçim edəcəyik. Biz kibertəhlükəsizliklə məşğul olmalıyıq, çünki görürük ki, getdikcə daha çox ölkə, hətta bizdən çox müasir texnologiyalara malik ölkələr kiber hücumlara qarşı həssaslaşır. Ona görə də, sözsüz ki, biz bu məsələ ilə ciddi şəkildə məşğul olacağıq”, – Prezident İlham Əliyev deyib.