Dövlət əlilliyi olan şəxslərlə bağlı hansı işləri görür?backend

Əlilliyi olan şəxslərə ödənilən vəsaitin dayandırılması iddiaları müzakirələrə səbəb olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bunu təkzib edir və müavinəti kəsilənlərin sənədlərinin saxta olduğunu bildirir.

Elə bu gün nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov keçirdiyi mətbuat konfransında deyib ki, bəzi KİV və sosial şəbəkə səhifələrində heç bir rəsmi məlumata istinad edilmədən guya “200 min şəxsin əlilliyi ləğv edildiyi, pensiyasının kəsildiyi” kimi tamamilə əsassız olan, yanlış ictimai rəy yaratmağa yönələn fikirlər yer alır. Sədr qeyd edib ki, əlillik təyinatlarının şəffaflaşdırılması tədbirlərini gözdən salmağa, həssas qrupların adından manipulyasiya edərək onlarda aidiyyəti quruma qarşı inamsızlıq yaratmağa xidmət edən bu fikirlər tamamilə əsassızdır: “Əlilliyə görə sosial ödənişin kəsilməsi halı heç bir halda baş verməyib və hazırda da belə hal mövcud deyil. Həmin sosial ödənişlər əlillik müddəti ərzində verilir və əlillik müddəti bitdikdə həmin sosial ödənişin təyinat müddəti də bitmiş olur. Ona görə də şəxsin əlilliyi müddətlidirsə, əlillik müddətinin nə zaman bitdiyini bilməli və göndərişin həmin vaxtdan e-sistemə daxil edilməsi üçün lazımi tibbi sənədlərini vaxtında toplamalıdır. Bəzən şəxs əlilliyinin təkrar qiymətləndirilməsi, yəni əlillik müddətinin uzadılması üçün müraciətin edilməsində, sənədlərin toplanmasında müəyyən gecikmələrə yol verir, göndəriş də əlilliyin bitdiyi vaxtdan sonra gec daxil olur. Belə hallar nəzərə alınaraq humanist yanaşma məqsədilə bu ilin iyul ayında əlilliyi olan şəxslərin hüquqları haqqında qanunvericilikdə dəyişiklik edilib və beləliklə, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində təkrar təyin olunan əlillik məhz əvvəlki əlillik təyinatı müddəti bitdiyi tarixdən rəsmiləşir. Yəni ortada ötürülmüş müddət üçün də şəxs əlilliyə görə sosial ödənişlərini ala bilir. Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də əlilliyin hansı xəstəlik və xəsarət hallarında təyin edildiyi aydın şəkildə göstərilib. Əlilliyin qiymətləndirilməsi bu Əsasnamənin tələbləri əsasında aparılır. Anadangəlmə, xəstəlikdən, yaxud xəsarətdən yaranan əqli, fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması müşahidə olunduqda əlillik təyinatına dair qərar çıxarılır. Amputasiya olunmuş şəxslərin guya təkrar müayinə edildiyi barədə bəzən əsassız fikirlər səslənir. Amputasiya olunan, məsələn, əli, ayağı və ya hər hansı bədən əzası olmayan şəxslərə əlillik müddətsiz (ömürlük) təyin olunur və heç zaman da müayinəyə çağırılmırlar. Əlilliyin qiymətləndirilməsinin rəqəmsal infrastrukturunun funksional imkanları, inteqrasiya dairəsi xeyli genişləndirilib. “Əlillik” altsistemində son aylarda 20-dən çox təkmilləşdirmə işi aparılıb, “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” adlı yeni altsistem də tətbiq edilib. Bu yeniliklər də tibbi-sosial ekspertizanın operativliyi və daha şəffaf həyata keçirilməsi, müraciətlərə obyektiv, çevik baxılması imkanlarını artırıb”.

Agentlik məsələni faktlarla izah edir.

Anar Bayramov qazilərə daha həssas yanaşıldığını qeyd edib. Bildirib ki, qazilərə əlillik təyinatı müştərək komissiya tərəfindən həyata keçirilir: “Komissiyaya bizim agentliklər yanaşı İcbari Tibbi Sığorta, Səhiyyə Nazirliyi və Müdafiə Nazirliyinin nümayəndələri daxildir. Bu komissiya obyektiv şəkildə qərar qəbul edir. Nazirlər Kabinetinin qərarının müvafiq meyarına görə, travma, orqanizm funksiyanın pozulması uyğundursa bu zaman vaxt itirmədən təyinat aparılır, haqqı çatan əlillik dərəcəsini almalıdır. Hər hansı qazi yenə də narazıdırsa yenidən dəvət edib yoxlaya bilərik. Müəyyən hallarda qazilər əlillik dərəcəsindən narazı qalaraq müraciət edir. Onları yenidən hərbi komissiyaya dəvət edirik və komissiya qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə birgə video müşahidə ilə yenidən əlilliyi qiymətləndirir. Bu zaman həmin qazinin sağlamlıq vəziyyəti hans qrupun meyarına

uyğub gəlirsə ona uyğun əlillik verilir. Bəzən əlillik təyinatından sonra həmin qazinin səhhətində hər hansı ağırlaşma olarsa, o, yenidən müraciət edə bilər. Bu zamanda ekspert komissiyası yenidən vəziyyəti dəyərləndirəcək, qazinin haqqı hansı qrupa çatırsa o qrupla da təmin olunacaq. Elektron sistemdə müəyyən uyğunsuzluq ola bilər, çünki yalnız səhiyyə müəssisəsinin verdiyi sənəd əsasında qərar çıxarılır. Hərbi komissiya ilə müayinə isə əyani aparılır və burada səhv aparılma mümkün deyil. Qazilərə kifayət qədər həssaslıqla yanaşılır, heç bir növbədə gözləmədən sağlamlıq vəziyyəti dəyərləndirilir”.

Burada xüsusi vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq son illər ölkədə aparılan geniş miqyaslı sosial islahatlar əlilliyin qiymətləndirilməsini də əhatə edərək, əlillik təyinatlarının şəffaflaşdırılmasına, əlillik dərəcələrinin yalnız əlillik statusuna haqqı çatan şəxslərə təyin edilməsinə xidmət edir. Aparılan işlər nəticə etibarilə əlilliyi olan şəxslərin hüquqlarının daha dolğun müdafiəsi, onlara dəstəyin daha da gücləndirilməsi məqsədi daşıyır. Əlilliyin qiymətləndirilməsi elektron infrastruktur (“Əlillik” altsistemi) üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında, vətəndaş-məmur (ekspert) təması olmadan həyata keçirilir. Göndərişin kimə aid olduğu və hansı tibb müəssisəsindən göndərildiyi bilinmədən həkim ekspertlər tərəfindən qərarlar qəbul edilir. 2021-ci ilin ötən dövründə artıq 50 minə yaxın şəxsə əlillik təyinatı həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən təqribən iki dəfə çoxdur. Əlillik qrupu təyin olunduqdan sonra əlilliyə görə sosial təminat növləri üzrə ödənişlərin (əmək pensiyası və ya aylıq sosial müavinət, təqaüd) təyinatı da elektron sistem üzərindən, proaktiv şəkildə həyata keçirilir. Zəfərimizlə başa çatan Vətən müharibəsində yaralanmış hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsinə xüsusi qayğı və həssaslıqla yanaşılır. Bunun üçün Nazirlər Kabinetinin qərarı ilə yaradılmış komissiyada təmsil olunan digər qurumların nümayəndələri ilə birgə qazilərin əlilliyinin qiymətləndirilməsi işləri operativ şəkildə yerinə yetirilir. İlk növbədə Komissiya üzvləri tərəfindən hərbi qulluqçuların əyani müayinəsi və müvafiq sənədləşdirmə işləri aparılır.  Müdafiə və Ədliyyə nazirliklərinin, Daxili Qoşunların, Dövlət Sərhəd Xidmətinin Hərbi Həkim Komissiyaları tərəfindən şəhadətnamələr (xəsarət və ya xəstəliklərinin hərbi xidmətlə əlaqəsinin müəyyənləşdirilməsi məqsədilə) təqdim olunur və tibb müəssisələri tərəfindən göndəriş (forma 88) elektron sistemə daxil edilir. Yekun mərhələ kimi əlilliyin qiymətləndirilməsi aparılır. Ötən dövrdə Vətən müharibəsinin artıq 2200 qazisinə ölkəmizin ərazi bütövlyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı aparılıb və hazırda da bu işlər davam etdirilir. Əlillik təyinatından dərhal sonra onlara da proaktiv qaydada olmaqla e-sistem üzərindən onlara müvafiq sosial ödənişlər təyin edilib. Əlilliyi olan şəxslərə, o cümlədən müharibə əlillərinə yönələn sosial ödənişlər (pensiya və müavinətlər, təqaüdlər) də mütamadi olaraq artırılır. Xüsusilə də son üç ildə həmin ödənişlərdə orta hesabla 2 dəfə artım baş verib. Eyni zamanda, dövlət başçısının 2020-ci il dekabrın 30-da imzaladığı fərmanlarla Prezidentin aylıq təqaüdü müharibə, 1990-cı ilin 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirməklə, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər üçün I dərəcə üzrə 250 manatdan 400, II dərəcə üzrə 230 manatdan 350, III dərəcə üzrə 210 manatdan 300 manata çatdırılıb. Milli Qəhrəmanlarımız üçün 1500 manatdan 1800, Böyük Vətən müharibəsi iştirakçıları üçün 150 manatdan 300 manata çatdırılıb. Eyni zamanda “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə 2000 manat məbləğində Prezidentin aylıq təqaüdü təsis olunub. Müharibə, 1990-cı ilin 20 Yanvar hadisələri,

hərbi xidmət vəzifələrini yerinə yetirməklə, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər, habelə ümumi səbəblərdən I dərəcə əlilliyi olan şəxslər təqaüdlə yanaşı, əlilliyə görə aylıq müavinət və ya pensiya ilə də təmin edilirlər. Eləcə də bütün kateqorioyalardan olan I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər üçün aylıq təqaüd ödənilir. Şəhid ailələri ilə bərabər, müharibə əlillərinin də mənzil və fərdi evlə təminatı həyata keçirilir. İndiyədək bu kateqoriyadan olanlara 11 mindən çox mənzil/fərdi ev verilib və dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-2025-ci illərdə daha  11 min mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan 3 min mənzil və fərdi evin (2018-ci ilə nisbətən  5 dəfə çox)  2021-ci ildə verilməsi işləri aparılır ki, artıq 1850-si verilib. Şəhid ailələri və müharibə əlilləri ilə yanaşı,  Vətən Müharibəsi Qəhrəmanlarına, gözdən əlilliyi olan şəxslərə, dövlət uşaq müəssisələri məzunlarına da mənzillər təqdim edilir.

Həmin kateqoriyalara verilən mənzilləri də nəzərə alsaq bu il Nazirlik tərəfindən verilən mənzillərin sayı 2200-ə çatır;

Əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri və vasitələri ilə təminatı sahəsində də işlər davam edir: 2021-ci ilin 10 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən  7615 nəfər əlilliyi olan şəxs 38670 protez-ortopedik və digər reabilitasiya vasitələri, o cümlədən 908 mühərrikli təkərli oturacaqla təmin edilib.

Reabilitasiya infrastrukturu müasir tələblərə uyğun qurulub və son iki ildə Nazirliyin 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra, müasir avanadlıqlarla təchiz edilmiş şəkildə istifadəyə verilib. Həmin  reabilitasiya müəssisələrində bu ilin 10 ayında əlilliyi olan şəxslərdən, habelə müharibə əlillərindən ibarət  6450 nəfərə reabilitasiya xidmətləri, həmçinin Vətən müharibəsinin 1040 nəfər qazisinə sosial-psixoloji dəstək xidmətləri göstərilib.

Müharibə əlillərinin yüksək texnologiyalı, elektron protezlərlə təminatı işləri aparılır və Vətən müharibəsində yaralanmış, aşağı və yuxarı ətrafları amputasiya edilmiş 160 hərbçi 168 son nəsil protezlə təmin edilib.

Aztəminatı ailələr üçün ünvanlı sosial yardım proqramı, yaxud aktiv məşğulluq proqramları vardır və hər bir aztəminatı ailə bu proqramlara müraciət edərək faydalana bilər. Hər xəstəlik, xəsarət, yaralanma əlilik vəziyyəti yaratmır.

Beləliklə deyə bilərik ki, dövlət həssas təbəqə olan əlilliyi olan şəxslərə daim diqqət və qayğı göstərir, onların problemlərinin həlli istiqamətində bütün addımları atır.

Kənan Mirzəyev