Dövlət Komitəsi məşğulluq üçün müraciət edən məcburi köçkünlərin sayını açıqladıbackend

2022-ci ilin aprel-iyul ayları ərzində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə aktiv məşğulluq tədbirlərinə cəlb edilmək üçün 81 nəfər məcburi köçkün müraciət edib.

Bu barədə “Yeni Gündəm”-ə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, onlardan 51-i kişi, 30-u qadındır.

Məcburi köçkünlərdən 58 nəfərinə müxtəlif idarə və təşkilatlarda müvafiq iş təklif olunub, 23 nəfər təklifi qəbul edib. Özünüməşğulluq proqramı üzrə kiçik sahibkarlıq fəaliyyəti qurmaq təklif edilən 31 nəfərdən 14-nün müxtəlif biznes ideyaları qeydiyyata alınıb. Məcburi köçkünlərdən 18 nəfəri onlara təklif edilən iş yerlərindən və ya özünüməşğulluq proqramına qoşulmaqdan imtina edib.

Xatırladaq ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) birgə əməkdaşlığı çərçivəsində işsiz məcburi köçkünlərin əmək bazarına qaytarılması, onların bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülüb. Komitəyə daxil olan müraciətlər aidiyyatı üzrə araşdırılıb və işsiz şəxslərə müxtəlif iş yerləri təklif edilib. Birgə əməkdaşlıq çərçivəsində, məcburi köçkün statuslu şəxslər müxtəlif idarə və təşkilatlarda iş ilə təmin edilib, özünüməşğulluq proqramı və peşə kurslarına yönləndiriliblər.