Dövlət Məşğulluq Xidməti hara baxır?backend

Dövlət Məşğulluq Agentliyinin həyata keçirdiyi ən vacib dövlət lahiyələrindən biri və bəlkə də  birincisi özünüməşğulluq proqramıdır. İşsizliyin aradan qaldırılması baxımından bu proqram bəlkə də ölkəmizin ən strateji dövlət siyasətlərindən biridir. Hər il milyonlarla dövlət vəsaiti sərf edilərək yüzlərlə aztəminatlı vətəndaş bu proqrama cəlb edilir. Məqsəd onların sosial rifah halının yaxşılaşdırılması və özünüməşğuluğunun təmin edilməsidir. Amma təmin edilirmi, yaxşılaşırmı?

Apardığımız araşdırmalara görə bu cür əhəmiyyətli dövlət proqramının icraatında xeyli nöqsanlara yol verilir. Əgər bunlara nöqsan demək olarsa…

Xüsusi olaraq regionlarda bu proqramın icrası zamanı olduqca ciddi qanun pozuntularına və korrupsiya əməllərinə yol verilir. Proqrama cəlb edilən insanların ehtiyac meyarından sosial rifah halına qədər olan bütün kriteriyaları müvafiq olaraq düzgün dəyərləndirilmir. Hələ müraciət edən vətəndaşların o, proqrama cəlb edilmə üsul və ərkanları barədə danışmırıq.

Aktivlər necə nəğdləşdirilir?

Bəzi hallarda proqram iştirakçıları ilə DMA nin yerli rayon təşkilatlarında xüsusi bir anlaşma baş tutur ki, nəticədə vətəndaşa aktivlərin əvəzinə ondan qat-qat aşağı miqdarda nəğd pul vəsaiti verilir. Müqavilə imzalanır və bununla da həmin şəxslərin özünüməşğulluğunun təmin edilib, həyat şəraitinin yaxşılaşdırılması üçün dövlətin yaratmış olduğu şans yoxa çıxır. Bir çox hallarda isə müqavilədə nəzərdə tutulmuş aktivlərin dəyəri və keyfiyyəti olduqca aşağı olur. Qiymətlər isə aktlarda və müqavilələrdə çox yüksək göstərilir. Bu fərqin səbəbləri isə təbii ki, heç kəsə sirri deyil.

Bir çox hallarda proqram iştirakçılarına verilən aktivlər müqavilə müddəti bitməmiş  satılır. Dövlət Məşğulluq Agentliyi mütəmadi olaraq manitorinqlər aparmalı və həmin aktivlərə müqavilədə nəzərdə tutulmuş müddət ərzində nəzarət etməli olduğu halda buna göz yumur.

(Müqavilə nömrələri 7501, 209, 17, 57, 127, 70, 44, 59, 110, 75, 170, 4516 olan proqram iştirakçılarının aktivləri yoxlanılsa qeyd etdiyimiz faktlar məlum olar.

Ölkə başçısı İlham Əliyevin şəxsi təşəbbüsü ilə ölkəmizdə həyata keçirilən bu cür əhəmiyyətli dövlət proqramının icrasına Dövlət Məşğulluq Agentliyinin belə məsuliyyətsiz yanaşması olduqca müəmmalıdır. Qeyd etdiyimiz faktlardan məlumatsız olmaları bir dərd, məlumatlı olub göz yummaları bir başqa dərddir. Dövlətin milyonlarla pul ayırdığı bu proqramın əsas məqsədlərindən biri işsizliyin aradan qaldırılmasıdır. Əgər DMA bunu həyata keçirə bilmirsə o zaman o pullar niyə ayrılır?… Ölkəmizin ən əhəmiyyətli sosial lahiyələrindən biri olan özünüməşğulluq proqramında iştirak edən vətəndaşların özünüməşğulluğu təmin olunmursa, sosial rifah halı yaxşılaşmırsa yüz milyonlarla dövlət vəsaitinin işsiz vətəndaşlara ünvanlı sosial yardım formasında ayrılması düzgün olmazdımı?

(Bu barədə apardığımız araşdırma haqqında yaxın günlərdə daha geniş bəhs edəcəyik).7times.az