Dövlət Reyestr Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi vətəndaşlara zülm edir – Bir evə 76 qeydiyyatbackend

BU, ŞƏKİ LƏTİFƏSİ DEYİL!

Dünyanın heç bir yerində belə bir “dahiyanə” fikir heç kəsin ağlına gələ bilməzdi, amma Şəkidə “İnvenbüro” rəhbərlərinin ağlına gədi. İndi siz baxın, görün necə “gözəl” düşünüblər.

Hər şey ondan başladı ki, “Asan xidmət” vasitəsilə Şəkidəki ev haqqında arayış alanda məlum oldu ki, bizim evə tanımadığımız daha 7 nəfər qeydiyyatdadır. Bunlar kimdir?-deyə soruşduqda, yaxınlıqda dayanan Şəkidə Sarabski küçəsində yaşayan bir kişi bildirdi ki, “Eehh. Mənim evimə 76 nəfər propiska olunub. İndi evi satmaq istəyirəm, gərək hamısından razılıq alım. Heç birini də tanımıram” “Asan xidmət” əməkdaşı bildirdi ki, biz bilmirik, kompyuter belə göstərir. Nəysə təbii ki, araşdırmağa başladıq.

Deməli, insanlardan xəbərsiz “ Əmlakın Komitəsi Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi” müxtəlif ünvanlarda yerləşən müxtəlif mənzillərə eyni ünvan göstərilmiş “kupça” verir. İnsanlar da heç nədən xəbərsiz bu sənədlə şəxsiyyət vəsiqəsi alır və qeydiyyata düşür. Məsələn, Sarıtorpaq küçəsi, 3/5 də yaşayan Sadıqli ailəsinə, Süleyman Eldarov küçəsi 2/5 də yaşayan Məmmədzadələr ailəsinə və bizə eyni ünvan göstərilmiş “kupça” verilib. Və belə misallar N qədərdir.

Vətəndaş evini satmaq, bağışlamaq istəyəndə bu məsələ üzə çıxır. Bax əsil “oyun” onda başlayır. “Köhnə rəhbərlik burdan gəldi, damkomlar savadsızdır, hamısını edən Daxili İşlər Nazirliyinin Qeydiyyat şöbəsindəki savadsızlardır” deyərək, yeni ünvana yeni “kupça” almağı tövsiyyə edirlər. “Cəmi 80 manat rüsum ödəyəcən, vəsslam.” Vətəndaş da fikirləşir ki, ora bura şikayət etməkdənsə elə 80 manat ödəyib, yeni “kupça” alsam yaxşıdır. Köhnə sənədləri alırlar və rüsumu ödəyib gəlirsən evə. Amma məsələ bununla bitmir.

Bir neçə gündən sonra xəbər gəlir ki, bəs mühəndis çertyoj çəkməlidir, 120-150 manat arası xidmət haqqı var. Bəs axı 80 manat…. “Özünüz bilin. Onda mühəndis gəlməyəcək, evin pasportu tərtib olunmayacaq, “kupça” da ala bilməyəcən.” Vətəndaşın əlində isə artıq köhnə sənədlər belə yoxdur. “Cəhənnəmə” deyib 150 manatı da ödəyir. Amma məsələ bununla da bitmir.

Sənədləri almaq üçün 31 manat “mürəkkəb pulu”, 31 manat “zəfəran pulu” nə bilim nə pulu da ödəməlisən. Üstəlik hələ Əhməd müəllimə bacardığından bir görüm baxım da etməlisən ki, sənin işini tezləşdirsin. Əks təqdirdə aylarla gedib gələcən. Deyəcək hələ hazır deyil. Təsəvvür edin minlərlə ev hər biri yenidən “kupça” almaq məcburiyyətində.

Yaxşı işdir. Oturusan yerində, pullar özü axıb gəlir… Şikayət də edəndə deyəcək “köhnə rəhbərlik səhv yazıb, biz neyləyək” Köhnə rəhbərlik səhv edib, siz yenisiz düzəldin və sistemdə qayda qanun yaradın. Belə bir maxinasıyanı düşünüb tapan beyinə təəsüf edirəm. Bu beyni daha yaxşı işlərə sərf edə bilərdi. Vətəndaşları qəsdən incitmək adlanır bu. İnsanları narazı salmağa yönəlmiş bir təxribatdır bu. Fırıldaqçılıq, dələduzluq yolu ilə pul qazanmaqdır bu. Əminəm ki, Respublika Prokurorluğu bu məsələni araşdıracaq və dələduzlar lazımi cəzasını alacaq!!!

Azinforum.az