Dövlətimizin başçısının bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdirbackend

Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır.

Dünyada böyük əks-səda doğuran İkinci Qarabağ müharibəsi Azərbaycanın öz müqəddəs torpaqlarını azad etməsi, Ermənistanın işğal siyasətinə son qoyulması ilə nəticələndi. Oktyabrın 18-i Azərbaycan xalqı üçün önəmli tarixlərdən biridir. 1991-ci il oktyabrın 18-də Azərbaycan xalqı 70 ildən sonra əsarət zəncirlərindən xilas olaraq müstəqilliyini bərpa etdi. 2020-ci il 18 oktyabr tarixində isə daha bir işğalın tilsimi qırıldı,  27 ildən sonra Prezident,  Müzəffər Ali Baş Komandan İlham Əliyevin növbəti müjdəli xəbəri bayramı bayrama caladı.

Qarabağ Azərbaycanın etnoqrafiya xəzinəsidir. İşğal altında olmuş torpaqlarımızda Azərbaycan xalqına məxsus çoxlu tarixi dini abidə mövcud olub. Tarixi Xudafərin körpüsü də Cəbrayıl rayonunda yerləşir.

Araz çayının üstündə çoxlu körpülər salınsa da, onlardan ən məşhuru və əzəmətlisi Xudafərindir. XI əsrə aid olan bu unikal abidə 1027-ci ildə Azərbaycan ərazisində, paytaxtı Gəncə olan Şəddadilər dövlətinin başçısı Fəzl Bin Məhəmmədin sifarişi ilə Araz çayı üzərində Şimali və Cənubi Azərbaycanı birləşdirmək məqsədi ilə tikilib.

Eyni zamanda qeyd edə bilərik ki, işğaldan azad olunduqdan sonra Prezident İlham Əliyevin də Xudafərin körpüsünə səfər etməsi həmin ərazinin Azərbaycan üçün necə tarixi əhəmiyyətli yer olduğunu göstərir.

Bütün tarixi, mədəni, dini abidələrimiz bərpa olunaraq əvvəlki görkəminə qaytarılması ilə bağlı tədbirlər keçirilir. Xalqımızın min illərin o tayından adlayıb gələn tarixi kökləri qorunacaq və məkrli ermənilərin tarix səhifələrindən silməyə çalışdığı həqiqətlər olduğu kimi yenidən bərpa edilərək Azərbaycan xalqının zəngin xəzinəsi kimi gələcəyə ötürüləcək.

Elmira Babayeva

Azərbaycan Dövlət Pedaqoji Universiteti