Bu gün saat 12: 00 radələrindən etibarən Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşması qüvvəyə minsə də, düşmən hərbi müstəvidə təxribatlarını davam etməkdədir. Ermənistanın Moskva razılaşmasına zidd olaraq hücumlarını davam etdirməsi hərbi əməliyyatların yenidən şiddətlənməsinə səbəb ola bilərmi? Moderator.az-a açıqlama verən hərbi ekspert Azad İsazadə bu ehtimalın yüksək olduğunu vurğuladı: “Əgər düşmənin hərbi təxribatları davam edərsə, bu, birmənalı şəkildə hərbi əməliyyatların alovlanmasına səbəb olacaq. Bu gün real situasiyanı nəzərə alıb söyəyə bilərik ki, Moskvada imzalanan atəşkəs işləmir və pozulub. Çox güman ki, döyüşlər bərpa olunacaq.
Yada salım ki, buna oxşar atəşkəslər 1994-cü ildən öncə də dəfələrlə bağlanıb. Amma üstündən 1-2 gün keçməmiş döyüşlər yenidən başlayıb. 1994-cü ilin mayında bağlanan atəşkəs ona görə əldə olundu ki, praktiki olaraq iki tərəin də irəli getməyə gücü qalmamışdı.
1994-cü ilin aprel ayında ermənilər axırıncı güclərini yığıb Tərtər üzərinə hücuma keçmişdilər. Məqsədləri Tərtəri işğal etmək idi. Lakin Azərbaycan ordusu özündə güc tapdı və bu hücumu dəf etdi. Iki tərəf də zəiflədiyi üçün 1994-cü ilin mayında imzalanan atəşkəs belə uzun çəkdi.
Bu gün ermənilər hələ təslim olmağa hazır deyil. Başa düşürlər ki, yenə də danışıqlar masasına oturmalıdırlar. Sadəcə, cəhd edirlər ki, son günlərdən istifadə edib hansısa torpaqları yenidən işğal etsinlər ki, danışıqlar vaxtı Azərbaycanın arqumenti az olsun.
Bizim məqsədimiz maksimal şəkildə əks-hücumları dəf etmək olmalıdır. Yaxın günlərdə atəşkəs bərpa olunmasa, deyə bilərik ki, müharibə davam edir”.