DSMF-nin büdcə gəlirləri və xərcləri artırılır – Yenilənibbackend

Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

“Yeni Gündəm” xəbər verir ki, layihəni parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib.

Onun sözlərinə görə, layihəyə əsasən DSMF-nin 2022-ci il büdcəsinin gəlirləri olaraq müəyyən edilmiş göstərici 299 499 497,0 manat artırılaraq 5 306 770 072,0 manatdan 5 606 269 569,0 manata, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslılığı prinsipi gözlənilməklə onun büdcəsinin xərcləri isə eyni həcmdə artırılmaqla 5 306 770 072,0 manatdan 5 606 269 569,0 manata çatdırılması təklif edilir.

Fondun gəlirlərinin artımı iki mənbə üzrə – məcburi dövlət sosial sığorta haqları üzrə və dövlət büdcəsindən ayrılan vəsait hesabına proqnozlaşdırlıb.

Fondun xərclərindən proqnozlaşdırılan artım əsasən əhaliyə ödənişlər üzrə xərclər istiqamətində olacaq. Xərclərin artımı, habelə DOST xidmətinin fəaliyyətinin maliyyələşdirilməsinə, bank əməliyyatlarının aparılmasına və digər xidmət haqlarının ödənilməsinə yönələcək. Qeyd olunub ki, uşağın anadan olmasına görə müavinətin məbləğinin 4 milyon manat artaraq, 24 milyon manata çatdırılması nəzərdə tutulur.

Daha sonra deputatlar layihə ətrafında çıxış edəcəklər.

***

Bundan başqa, iclasda “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Musa Quliyev vurğulayıb ki, layihəyə əsasən, İşsizlikdən sığorta fondunun 2022-ci il üçün cari büdcə layihəsində büdcədən maliyyələşən təşkilatlar üzrə işsizlikdən sığorta haqlarının daxilolma məbləği dürüstləşdirilərək 1 088 138,0 manat azaldılaraq 21 709 238,0 manatdan 20 621 100,0 manata, büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə işsizlikdən sığorta normativinə analoji olaraq 1 088 138,0 manat azaldılaraq 21 709 238,0 manatdan 20 621 100,0 manatadək dəyişdirilib. Nəticədə, işsizlikdən sığorta üzrə sığorta haqlarının ümumi məbləği 6 923 724,0 manat artırılaraq 136 418 476,0 manatdan 143 342 200,0 manatadək dəyişdirilib.

Təklif olunan dəyişikliklər nəzərə alınaraq, qanunda işsizlikdən sığorta fondunun 2022-ci il büdcəsinin gəlirlər və xərclərinin 1 000 000,0 manat artırılaraq 180 375 536,0 manatdan 181 375 536,0 manata çatdırılması nəzərdə tutulub.