“Dul qadının yenidən sevgi münasibətlərində olmasının qarşısını heç kim ala bilməz”backend

Xəbər verdiyimiz kimi, Sabunçu rayonunda kişinin sevgilisini və onun qızını bıçaqlaması barədə bəzi detallar məlum olub.

Belə ki, 1981-ci il təvəllüdlü Zaur Babayev qeyri-rəsmi münasibətdə olduğu, 1980-ci il təvəllüdlü Əfsanə Şadatovanın evinə gəlib. O, qadının əl-ayağını iplə bağlayıb, 14 yaşlı qızı Günay Şadatovanı zorlayıb. Hadisəni törədən Z.Babayev daha sonra hər ikisini bıçaqlayıb. Bu hadisə sosial şəbəkələrdə müzakirələrə səbəb oldu. Bəziləri qatili günahlandırsa da, bir qism şəxs günahı qadında görüb. Onlar boşanmış qadının sevgilisi olmasını qınayıb. Məsələ ilə bağlı “Yeni Sabah”a açıqlama verən Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov boşanmış, yaxud dul qadın və kişilərin yenidən ailə qurmaq istəməsini qınamağın düzgün yanaşma olmadığını deyib:

“Əslində bu hadisə çox dəhşətli hadisədir və hadisə haqqında iki mövqe ortaya qoymaq istəyirəm. Birincisi, istənilən şəxs rəsmi nikahda deyilsə, boşanıbsa, yaxşı olar ki, övladları, xüsusən də yetkinlik yaşına çatan övladları varsa, həyatını onlara qurban versə, daha düzgün olar. Bu həm mental, həm dini dəyərlərdə belədir. Amma hansısa dul, yaxud nikahı pozulmuş qadının, yenidən hansısa sevgi münasibətlərində olmasının qarşısını heç kim ala bilməz.  Kimsə buna qarşıdırsa, onun dünyagörüşü, həyat fəlsəfəsindən şübhələnmək lazımdır. Əgər insan subaydırsa, hətta övladları varsa belə, yenidən öz həyatını qurmaq istəyirsə, hansısa qadın yaxud kişi ilə nikaha girmək, ailə qurmaq istəyirsə, bu niyə normal hesab olunmamalıdır? Niyə biz buna qısqanclıqla yanaşmalıyıq?”

Kulturoloq ikinci, üçüncü dəfə ailə qurmaq istəyən şəxslərin qarşısındakını mütləq ətraflı araşdırmalı olduğunu qeyd edib:

“Digər bir tərəfdən isə baş verən hadisə bir daha bizə göstərdi ki, hər deyilən sözə, şirin dilə də aldanmaq olmaz. Bir nəfərlə ailə qurmaq, həyatınızı bağlamaq istəyirsinizsə, mütləq onun keçmişi ilə maraqlanmalısınız. O insanın sizə layiq olub-olmadığını, sizin övladlarınıza sahib çıxıb-çıxmayacağını bilməlisiniz. Bu faciədə olduğu kimi sabah sizin yetkinlik yaşına çatan, gənc övladlarınızı yoldan çıxarmayacağına təminat alandan sonra öz gələcək taleyinizi kiminləsə bağlaya bilərsiniz.

Biz kiminsə ikinci, üçüncü dəfə ailə qurmasını deyil, buna pis baxılmasını qınamalıyıq. Bizim nə qədər nikahı pozulmuş, qəzalarda həyat yoldaşları həlak olmuş xanımlarımız, kişiləriniz var. Onların yenidən nikaha girməsinə, ailə qurmasına kiminsə pis baxması anormallıqdır”.

Onun sözlərinə görə, müasir dövrdə kiməsə kor-koranə güvənmək çox təhlükılidir və faciə ilə nəticələnə bilər:

“Məsələnin ikinci tərəfinə gələk. Müasir dövrdə heç kimə inanmaq olmaz. Biz dəfələrlə telekanallardakı ekspert rəylərimizdə, müsahibələrimizdə bunu deyirik. Amma bunu deyəndə biz oluruq pis, kütlə olur yaxşı. Sabah bu cür hadisələr baş verəndə deyirlər ki, bəli, Aydın Xan vaxtilə bunu demişdi. Heç kimə güvənmək olmaz, xüsusilə azyaşlı uşaqları, oğlan uşaqlarını kiməsə etibar etmək olmaz. Bilirsiniz ki, bu gün manyaklar da peyda olub. Ona görə oğlan uşaqlarını da qorumalıyıq. Bu faciə bir daha sübut etdi ki, siz öz övladınızın taleyilə oynayanda belə hadisələr baş verir, qızlarınız, hətta oğlanlarınız zorlanır, seksual qısnamaya məruz qalır. Daha sonra onlar ya öldürülür, ya da həyatları korlanır. Baxın, bu hadisə ilə qadının həyatı məhv oldu, o, biabır oldu. Qız uşağı zorlandı, öldü. Hadisəni törədən də məhkəmədə cəza alacaq. Ona mütləq ağır cəza verilməlidir. Üstəlik, bilirsiniz ki, elə adamlar həbsxanaya düşəndə artıq onların özlərini “sevməyə” başlayırlar. Onlar da oradan sağ çıxmayacaq. Çünki belə şəxslər oğru qanununa görə, özləri zorlanır, cəzalandırılır. Əlbəttə ki, biz buna haqq qazandırmırıq, amma real həyatda bu belədir”.