“Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi həmrəyliyə daha bir töhfədir” – Deputatbackend

Qloballaşan dünyada müxtəlif ölkələrdə yaşayan azərbaycanlıları bir araya gətirmək, bir məslək və ideya ətrafında birləşdirmək, əlbəttə ki, azərbaycançılıq məfkurəsindən yaranan amaldır. Təbii ki, ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqillik əldə etmiş Azərbaycanda ideya əsas prioritetlərdən biri elan edilərək, bu istiqamətdə ardıcıl işlər görülməyə başlandı.

1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı, digər sahələrdə olduğu kimi, diaspor quruculuğu işində də əsaslı dönüş yaratdı. Dünya azərbaycanlılarının vətənlə əlaqələrini inkişaf etdirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub-saxlamaq, diasporun potensialından milli maraqlarımızın daha etibarlı şəkildə qorunması istiqamətində faydalanmaq, diasporlararası əlaqələri genişləndirmək kimi məqsədləri reallaqdırmaq üçün mühüm addımlar atıldı.

Bunu “Yeni Gündəm”ə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

Ümummilli Lider Heydər Əliyev cəmiyyətin bütövləşməsi və azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlərə imza atdı. Ulu Öndər azərbaycançılıq ideologiyasının real müstəqilliyə nail olmaq, vahid və bölünməz Azərbaycanı qoruyub-saxlamaq və möhkəmləndirmək üçün vasitə olduğunu vurğulayırdı.

Prezident İlham Əliyev dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının dövlətimizin və xalqımızın problemləri ilə yaşamalı olduğunu xüsusi vurğulayır. Prezident problemlərin həlli üçün azərbaycanlıların əlindən gələni etməli olduğunu ayrıca qeyd edir. Bu fikirlərə keçilən yolun zirvəsindən baxdıqda, yeni vəzifələr təsiri bağışlayır.

Bu aspektdən çıxış edərək artıq cəmiyyətimiz dövlət quruculuğu prosesində yeni səviyyədə aktivlik göstərməlidir. Azərbaycan diasporu bu gün bir məslək və əqidə ətrafında yetərincə birləşərək, ölkəmizin mənafeyi istiqamətində ardıcıl iş aparır. Bunu müasir dövrün qoyduğu şərtlər, meydana çıxardığı çağırışlar tələb edir. Əgər dünya azərbaycanlılarının birinci qurultayında ümumi vəzifələr müəyyənləşdirilib diaspor fəaliyyətinin təşkilatlanması və sistemli şəkildə aparılması qərara alındısa, ikinci, üçüncü və dördüncü qurultaylar dünya azərbaycanlıları qarşısında daha konkret problemlərin həlli vəzifəsini qoydu.

Son 5 ildə isə diasporla iş daha da təkmilləşdirildi, 2018-ci ildə yeni “Strateji Yol Xəritəsi” işlənib hazırlandı, diaspor fəaliyyətində informasiya-kommunikasiya texnologiyaları tətbiqi olundu, xaricdə yaşayan soydaşlarımızın, təşkilatların fəaliyətinin koordinasiyası həyata keçirildi. Milli həmrəylik və birlik ideyasının reallaşdırılması naminə son 4 ildə 31 ölkəni əhatə edən 14 Koordinasiya Şurası, 12 ölkədə 18 Azərbaycan Evi yaradıldı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xaricdəki azyaşlı uşaqlar üçün “Qarabağ” Azərbaycan məktəbləri təsis olundu.

Bu baxımdan Azərbaycan diasporu ilə qurulan iş və əlaqələr, onun fəaliyyətinin məzmunu bundan sonradaha yüksək səviyyəyə qaldırılmalıdır. Bu sırada Azərbaycan dövlətinin maraqlarının lobbiləşdirilməsi çox mühüm vəzifələrdən biri kimi dərk edilməlidir. Burada informasiya savaşında daha fəal olmaqdan başlamış, diaspor təşkilatlarının koordinasiyalı hərəkət etməsi və başqa xalqların analoji təşkilatları ilə əməkdaşlığı gücləndirməsinə qədər geniş spektrli faktorlar yer alır.

Əzəli torpaqlarımızın işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan İkinci Qarabağ savaşında qazanılan tarixi Qələbəni bütün dünya azərbaycanlıları yaşadı. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı həmrəy oldu. Bir yumruq ətrafında birləşirdi. Bu, ən böyük uğurlarımız sırasındadır. Dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, hər bir Azərbaycanlının qəlbi doğma yurdla döyün. Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsinə onların burada toplaşması barədə qərar isə bu həmrəyliyə daha bir töhfədir.