Dünya bazarında neft təlatümü: “Qara qızıl”ın birdən birə bahalaşmasının əsl səbəbi nədir?backend

2021-ci ilin ilk günündən başlayaraq dünya bazarında neft bahalaşmağa başladı. İqtisadçılar neftin bahalaşmasını bir çox amillərlə izah etdilər. Amma 2 il ərzində ilk dəfə neftin bu qiymətə qalxması neft istehsalçısı olan ölkələri sevindirməyə bilməzdi. Dünya bazarında neft bahalaşmasının əsl səbəbi nədir ? Bu sualla millət vəkili, iqtisadçı Vüqar Bayramlıya müraciət etdik.

İqtisadçı Vüqar Bayramlı “Yeni Gündəm” açıqılamasında neftin bahalaşmasını bir çox amillərlə izah etdi.

“Neftin bir bareli qlobal pandemiya elan ediləndən sonra ilk dəfə olaraq 60 dollardan baha satılır. OPEK+ ölkələrinin öhdəliklərə əməl etməsi, Səudiyyə Ərəbistanının gözlənildiyindən daha çox hasilat azalmasına getməsi qlobal neft təklifini azaldıb. Bu isə bazardakı tarazlığa təsir göstərərək qiymətin artmasına səbəb olub.
Digər tərəfdən, vaksinasiya səviyyəsinin yüksəlməsi pandemiyanın miqyasının minimumlaşacağı bağlı ümidlər yaradıb. Bu isə investorların neft bazarına marağını artırıb. Pandemiyanın lokallaşdırılması yenidən real sektorun canlanmasına və neftə tələbin artmasına səbəb ola bilər. ABŞ-dakı sonuncu dəstək paketi də ən böyük neft istehlakçısı olan Birləşmiş Ştatlarda iqtisadi canlanma ilə bağlı proqnozları gücləndirib və bu da neft bazarına təsirsiz ötüşməyib.
Gündəlik neft ixracatı 688,8 min barrel təşkil edən Azərbaycan üçün neftin dünya bazar qiymətinin yüksəlməsi ölkəyə daxil olan valyutanın həcminin artması baxımdan arzuolunandır. 2021-ci ilin dövlət büdcəsində 1 barel neftin qiymətinin 35 dollar müəyyənləşdirildiyini nəzərə alsaq neftin illik orta qiyməti yüksək olarsa Dövlət Neft Fonduna daxil olmalar artıracaq və valyuta ehtiyatlarımız çoxalacaq. Bu baxımdan, neft bazarındakı son tendensiya bütövlükdə neft ölkələri üçün arzuolunan dəyişiklikdir. Bununla yanaşı, OPEK+ anlaşmasına rəğmən neftin qiymətinin 2021-ci ildə necə dəyişməsi birbaşa pandemiyanın miqyasından asılı olacaq.”