DYP-dən 300 minlik tender…backend

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (DYP) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub. Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “Kaspi Engineering” MMC (VÖEN – 3104321481) olub.

“Kaspi Engineering” MMC DYP-yə onların xidməti istifadəsində olan xüsusi ləvazimatlar satacaq. DYP əməkdaşlarının xidməti istifadəsi üçün xüsusi ləvazimatlardan ibarət hadisə çantaları, dərman qutuları, cəsəd torbaları, sərxoşluq dərəcəsini müəyyən edən cihaz üçün müştüklər, həmçinin “Drug Test 5000” narkotik maddələrin analizi cihazının müştükləri olmaqla, ümumilikdə, 25 adda ləvazimat alacaq. Alınacaq mallar üçün DYP qalib şirkətə ümumilikdə 297 min 242 manat ödəyəcək.

Qeyd edək ki, “Kaspi Engineering” MMC təxminən bir il əvvəl – 16.06.2022-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, Aşıq Şəmşir ev 42A-da yerləşən MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Məlikov Elxan Cəmil oğludur.

“Kaspi Engineering” MMC qeydiyyatdan keçdikdən qısa müddət sonra (7 ay) Daxili İşlər Nazirliyinin keçirdiyi 54,3 min manatlıq tenderin qalibi olub. Bir ay sonra DİN-in keçirdiyi daha bir tenderin qalibi olub və bu dəfə 170 min manat alıb.

Maraqlıdır ki, bu il DİN-in 3 tenderində qalib olan “Kaspi Engineering” MMC barəsində açıq internet resurslarda heç bir məlumat yoxdur. MMC-nin nə rəsmi saytı, nə də sosial şəbəkə hesabları var. Bu tenderləri udmaq üçün şirkətin hansı təcrübəyə sahib olduğu bilinmir.

Diqqət çəkən məqamlardan biri də odur ki, “Kaspi Engineering” DİN-in keçirdiyi 3 fərqli istiqamətdəki tenderin qalib olub. Şirkət ilk tenderdə DİN-ə təmir-tikinti materialları satıb (boru, krant, sifon, lampa və s.). Daha sonra DİN-in balansında olan kondisionerlərə, isitmə-soyutma və havalandırma sistemlərinə texniki qulluq xidmətlərini göstərib. Sonuncu tenderdə isə DYP əməkdaşları üçün ləvazimat satıb.

Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.