Əcnəbi jurnalist Azərbaycanla bağlı inanılmaz SİRLƏRİ AÇDI: Prezidentin adamları hər yerdə məni axtarırdı…backend

O, Azərbaycanın ən yaxın dostlarından, acımızı acısı bilən sirdaşlarımızdandır. Litvanın hərbi jurnalisti, Birinci Qarabağ müharibəsinin ən qaranlıq üzünü dünyaya göstərən hərbi jurnalist Riçardas Lapaytislə həmsöhbət olacağıq.

Publika.az-ın müsahibi Riçardas Lapaytisdir.

Müsahibənin ikinci hissəsini təqdim edirik:

 

 

– Cibimdə çox az pulum qalmışdı. Təyyarə ilə qayıda bilməzdim. Təxminən 3-4 günə qatarla Litvaya çatdım. Azərbaycana səfər edəndə valideynlərimlə görüşüb geri qayıdacağımı demişdim. Amma Litvaya qayıdandan sonra bir müddət onlardan uzaq durmağa qərar verdim. Çünki müharibə görmüşdüm, acılarımı onların canına hopdurmaq istəmirdim. Bilmirəm… hələlik onlarla görüşə hazır deyildim. Vilnüsdə isə heç kimim yox idi. Qarşımda bir məqsəd vardı, Qarabağda gördüklərimi məqalə şəklinə salıb hansısa qəzetdə dərc etdirmək. Jurnalist olmadığımdan bu mövzuda məlumatsız və naşı idim. Çox çətinliklə, hətta məsum hiylə ilə tələbə yataqxanasında müvəqqəti məskunlaşdım. Elə həmin gecə yazımı hazırlayıb yatdım. Ertəsi gün köşkdən bir neçə qəzet aldım. Ən çox oxunan “Respublika” qəzetinin ünvanını tapıb, redaksiyaya yollandım. Xocalı haqda geniş məqalə yazmışdım. Materialı təqdim edib, fotoşəkilləri masaya tökdüm. Baş redaktor dəhşət içərisində məqaləni oxuyur, tez-tez iri gözlərini qaldırıb mənə baxırdı. Sonda sual verdi:

– Sən nə yazdığının fərqindəsən? Deyirsən ki, yüzlərlə dinc azərbaycanlı ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib. Bütün Litva mətbuatı əksini iddia edir. Axına qarşı getdiyinin fərqindəsən?

Mən fotoşəkilləri bir daha ona göstərib, yazımın qərəzsiz olduğuna inandırmağa çalışdım. Qarabağdan gəldiyimi, orada baş verənlərin şahidi olduğumu bildirdim.

Üzünü turşudub, fotoların çoxunu dərc edə bilməyəcəyini bildirdi. Biz bu şəkilləri qəzetdə yayımlasaq, insanlar qorxub qəzetə yaxın durmayacaqlar – dedi. Odur ki, bir neçə neytral foto seçib götürdü. Əlavə etdi ki, yazını ixtisar etmək məcburiyyətindəyəm. Amma yenə də ölkə mətbuatı üçün qəfil bomba olacaq.

– Səbəb nə idi?

– Erməni diasporu bütün dünyada olduğu kimi, Litvada da çox güclü yalan təbliğat aparırdı. Müsəlmanların onlara qarşı soyqırımı törətdiklərini iddia edirdilər. Mənim məqaləm isə erməni cəfəngiyyatını ifşa edirdi. Özüm də fərqində olmadan mətbuat blokadasının qarşısını alırdım. Otaqdan çıxanda baş redaktorun gözünə baxıb soruşdum:

– Mənə söz verə bilərsiniz ki, məqaləm çap olunacaq?

Cavabı ürəkaçan olsa da, tam əmin olmaq istəyirdim. Sözümə davam etdim:

– Gəlin, kişi kimi əlinizi sıxım, sözünüzə inanım.

Buz kimi barmaqlarımı birləşdirib ona doğru uzatdım. Otaqdan çıxanda arxamca səsləndi ki, bəs indi hara gedəcəksən. Azərbaycana qayıdacağımı dedim.

Bu məqalə ən yaxşı yazıların siyahısına düşdü, ingilis dilinə tərcümə olunub Avropa ölkələrində yayımlandı. Ermənilərin canına vəlvələ düşdü. Lapaytisi tapıb, işgəncə ilə öldürəcəyik deyirdilər. Litvanın digər qəzetlərində “Dağlıq Qarabağ və vicdanımız” adlı məqalələr dərc olunmağa başlandı. Mənə ləkə yaxaraq Xocalı genosidinin baş vermədiyini yazırdılar. Yazımın cəfəngiyyat olduğunu bildirirdilər. Yaxşı, tutaq ki, dediklərim, yazdıqlarım yalan idi. Bəs onda niyə məni haqq məhkəməsinə vermirdilər?

– Tənhalığınızı hiss edə bilirəm. Çünki fransız dostlarıma məcburi köçkün olduğumla bağlı kitab-kitab məlumat versəm də, İkinci Qarabağ müharibəsi dönəmində ermənilərin hara gedəcəkləri, necə yaşayacaqları barədə narahatlıqlarını bildirirdilər.

– Sizi gözəl anlayıram. Haqqın tərəfində olmaq bütün çətinlikləri gözə almaq deməkdir. Bir anda Litvanın ən məşhur simasına çevrildim. Diplomum olmasa da, məni hər yerdə hərbi jurnalist kimi təqdim edirdilər. Mənsə bu müddətdə Azərbaycana geri dönüb, Şahinin mənzilinə gəlmişdim. Həmin gecə çox yorğun idim, Şahinin 20 Yanvar faciəsində dünyasını dəyişən qardaşının yatağına uzanıb, dərin yuxuya getdim.

Birdən sərt əllərin məni silkələyərək oyatmaq istədiyinin fərqinə vardım. Orta yaşlı kişi idi. Dedi, xəbərin var, indi də Ağdamı raket atəşinə tuturlar? Bu dəqiqələrdə Bakıdan Ağdama hərbi sanitar vertolyotlar uçacaq. Sənin köməyinə, baş verənləri işıqlandırmağına ehtiyacımız var. O qədər yorğun və ac idim ki… Tez geyinib onunla birgə Ağdama yollandım. Buradakı cəhənnəm alovunda yana-yana dərk etdim ki, həyatdakı missiyam insanlara qələmimlə, vicdanlı sözümlə yardım etməkdir. Erməni əsgərləri oğru kimi kəndlərə soxulub, soyqırımılar törədirdilər. Günahsız insanları qırırdılar. İstənilən beynəlxalq məhkəmədə sözümü təsdiqləyə bilərəm. O vaxtlar internet yox idi. Xəbərləri redaksiyaya aparmaq üçün yenidən Litvaya qayıtdım. “Respublika” qəzetinin baş redaktoru bildirdi ki, bütün erməni hədə-qorxularına rəğmən, məqalələrini dərc edəcəyik. Həm də sənə jurnalist kartı verəcəyik ki, Qarabağa rahat gedə biləsən. Sonralar öyrəndim ki, Xocalı məqaləmə görə Beynəlxalq Avrasiya Mətbuat Fondu məni tərifnamə və “piremya”ya layiq görüb. Təəssüf ki, Çingiz Mustafayev və digər fotoreportyorlara isə bu diplomlar ölümlərindən sonra verildi.

– Artıq Qarabağın bir parçasına çevrildiniz.

– Eynən. Özü də bu mükafatdan sonra Qarabağa səfərlərim daha da asanlaşdı. Çünki o vaxta qədər Qarabağa bacardığımız bütün üsullardan istifadə edib qaçaq kimi yollanırdıq. Bir növ kamikadze kimi… Həyatım ən az əsgərlər qədər təhlükədə idi. Fərqimiz o idi ki, mənim silahım, qoruyucu jiletim, kaskam, digər təhlükəsizlik vasitələrim yox idi. Odur ki, artıq şərtlər daha ürəkaçan olmuşdu. Erməni quldurluğu ilə mübarizədə bir az güclənmişdim.

– Təbii ki, yaşadığınız dəhşətləri dilə gətirmək çox ağırdır. Amma ən çox təsirləndiyiniz məqamı bölüşməyinizi istərdim.

– Ermənilər insanları öldürən kimi, elə həmin məqamda kitabxanaları, tarixi irsi məhv edirdilər. Benzin töküb, minlərlə kitabı, muzey eksponatını yandırırdılar. Bir məqsədləri vardı, Azərbaycanın mirvarisi Qarabağdan azərbaycanlıların mədəniyyətini yox etmək. Ən böyük qorxaqlıq da budur. Hər iki Qarabağ müharibəsində Azərbaycan əsgərindən qaçdıqları halda dinc əhali görəndə canavara çevrilirdilər. Rus jurnalistləri də ermənilərin yalanlarının tərəfində idilər. Axı belə ağır yalan danışmaq insanlığa nə dərəcədə yaraşar?!

– Ağdamla vidalaşdığınız günləri xatırlayırsınız?

– Ağdamın işğalına bir neçə gün qalmışdı. Bu gözəl şəhərin məhvini seyr edə-edə Allahverdi Bağırovun məzarına yollandım. Uzun müddət orada dayanıb qəlbimdə dua etdim. Bu cəsur insanı heç vaxt unutmayacağıma söz verdim. Bu doğma şəhər işğaldan azad olunandan sonra görüntülərinə baxıb dəhşətə gəldim. Allahverdi Bağırovun, minlərlə insanın məzarı məhv edilib. Şəhər təhqir olunub. Bilirsiniz Ağdam məscidini niyə dağıtmadılar? Çünki məscid erməni terrorçularının nişangahı idi. Məscid vasitəsilə istiqaməti daha dəqiq götürə bilirdilər.

– Riçardas, dünyanın istiqamətini Qarabağ həqiqətlərinə yönəldən “Sonsuz dəhliz” sənədli filminin baş qəhrəmanısınız. Film qısa müddətdə əks-səda doğurdu…

– “Sonsuz dəhliz” filmini 12 ölkə birgə ərsəyə gətirib. Filmin rejissorları isə litvalıdırlar. Çəkilişlər başlayanda məni tanımırdılar. Azərbaycana gələndə sadə insanlarla söhbətləşirlər. Hamı əcnəbi jurnalist kimi mənim adımı çəkir. Odur ki, özümün də xəbərim olmadan filmin baş qəhrəmanına çevrildim. “Sonsuz dəhliz” hazır olandan sonra ingilis, fransız və digər dillərə tərcümə olundu. Bir çox ölkələrdə mükafatlara layiq görüldü. Bugünədək filmə yarım milyard insan baxıb. Ekran əsərinin ən böyük uğuru odur ki, burada siyasi xadimlərə, onların fikirlərinə yer verilməyib. Sadəcə sıravi insanlar, şahidlər danışıb. Xocalı genosidi qərəzsiz nümayiş olunub.

Həmçinin Qarabağ faciəsinin memarları olan erməni faşistlərindən də müsahibə alınıb. Hansı publikaya danışdıqları barədə məlumatları olmadığı üçün özlərini, törətdikləri vəhşilikləri ifşa ediblər. Çəkiliş zamanı məcburi köçkünlərin həyat şəraiti ilə də yaxından tanış oldum. Qərar verdim ki, bir müddət Tərtər ərazisində yaşayıb qaçqınların güzəranını işıqlandırım. Uzun müddət hər il Tərtərə gəlib, orada qalırdım. Hətta zarafatla deyirdim ki, İrandan Gürcüstana qədər olan ərazi mənim evimdir. Məcburi köçkünlərin kədərli həyatını qələmə aldıqca bir gün qələbənin gələcəyinə daha çox inanırdım.

2018-ci ildə türkdilli xalqların Dədə Qorqud Fondu məni “Qızıl ürək” ordeni ilə mükafatlandırdı. Ötən ilin yayında isə Azərbaycan Prezidenti cənab İlham Əliyev məni “Dostluq” ordeni ilə təltif etdi. Həmçinin “Qarabağ” mükafatı aldım. Hər il Avropa ölkələrində, Amerikanın paytaxtında Qarabağ mövzusunda çıxışlarıma davam edirəm. Yolumdan dönməmişəm, dönmərəm. Azərbaycan qalibdir. Çünki müasir dövrün ən böyük terrorçu dəstəsini zərərsizləşdirdi. Erməni diasporu yalan danışmırsa, haqqı təmsil edirsə, bəs niyə Qarabağda gec də olsa, ədalət öz yerini tapdı?! Azərbaycan xalqına, əsgərinə, artıq keçmiş məcburi köçünlərinə, şəhidlərinə sevgim sonsuzdur.

– Əmin olun ki, bu sevgi qarşılıqlıdır. Riçardas, bildiyim qədər Qarabağ müharibəsi dövründə Azərbaycanın ölkə başçısı Əbülfəz Elçibəy hər yerdə sizi axtarırmış. Səbəb nə idi?

– 1992-ci ildə Əbülfəz Elçibəy Baltikyanı ölkələrdən Qarabağa gələn gənc jurnalistin varlığından xəbər tutan kimi məni qəbuluna dəvət etdi. Bu, çox qəribə hadisə idi. Prezidentin adamları hər yerdə məni axtarırdılar. Nəhayət, tapıb, prezidentlə görüşə apardılar. Səmimi və maraqlı söhbətimiz oldu. 1993-cü ildə isə böyük çətinliklərdən keçib Naxçıvana çatdım. Məqsədim Azərbaycanın unudulmaz lideri Heydər Əliyevlə müsahibə etmək idi. Arzuma çatdım. Bu müsahibə taleyimin ən işıqlı səhifələrindən biridir.

– Azərbaycan xalqının Qarabağ qələbəsinə ən az bizim qədər sevindiyinizə əminəm.

– Bu 44 gün mənim üçün sevinc, qürur, kədər, ağrı tarixi idi. Gecəmi gündüzümə qatıb, hər dəqiqə dua edirdim. Gözümü mediadan, Azərbaycan əsgərindən çəkmədim. Həyatımda baş verən hər şeydən üz çevirib, diqqətimi Azərbaycana yönəltdim. Azərbaycan xalqı mənən, ruhən çox güclüdür. Dünyanın hər bir vətəndaşına Azərbaycan əsgərinin qürurunu, cəsurluğunu arzu edirəm. Ən böyük arzum Şuşada ağac əkib, Qarabağın dirçəlməsində iştirak etməkdir.

– Qarabağda gördüyünüz vəhşət həyatınızda hansı izləri qoydu? Psixoloji yardım aldınız?

– Litvaya geri dönəndən sonra yuxum ərşə çəkildi. Özümü yalquzağa bənzədirdim. Yaşaya bilmirdim, içkiyə aludə oldum. Gecələr kabus görüb oyanırdım. Cəsədlər dirilib gözümün önündə dururdular. Amma məni qurtaran bir ümid vardı. Şahinin çəkdiyi İsa portreti…

– Şahinin sonrakı taleyi haqda soruşmağı unutdum…

– Şahinin digər qardaşı Rəhim də dünyadan köçdü. İkinci qardaşını itirəndən sonra ikiqat kədərə qərq oldu. Vicdan əzabı onu yaşamağa qoymadı. Bu ağırlıq Qarabağ şəhidlərini xatırlayanda məndə də yaranır. Çünki heç bir psixoterapevt bu duyğunu qəlbinizdən ala bilməz. Düşünürəm ki, bu dərdin əlacı yalnız ölümdür. Şahin həm də gözəl rəssam və duyğuları qabarıq insan idi. Bir gün yuxusuna İsa Məsih gəlir və ona deyir ki, ilk növbədə özünü, sonra isə doğmalarını bağışlayıb yaşamağa davam etməlisən. Şahin həmin gecə İsanın portretini çəkir.

Az sonra Birinci Qarabağ müharibəsində atəşkəs imzalandı. Mən Litvaya qayıtmalı idim. Dedim, Şahin bu əsəri mənə sat. Cavab verdi ki, bu, qardaşımın enerjisidir. Onu satmağa mənəvi haqqım yoxdur, amma hədiyyə edə bilərəm. Əsəri də götürüb evimə qayıtdım. İllərlə İsanın portreti çarpayımın başı üzərində durdu.

Bir neçə ildən sonra Şahinlə əlaqəmiz kəsildi. Onu çox axtardım, amma tapa bilmədim. Uzun illər sonra Moskvada görüşdük. Bu, o qədər isti görüş idi ki… Axı o, mənim qardaşımdır. İndi tez-tez danışırıq. Hətta birgə Ordubada getməyi də düşünürük.

– Mənimlə birgə Ağdama da səfər edəcəyiniz günü gözləyirəm.

– Bu, mənim ən böyük arzumdur. Minlərlə günahsız insanın göz yaşının, qanının axdığı o müqəddəs torpağa yenidən ayaq basmaq, hər qarışına gül-çiçək səpmək istəyirəm.

Leyla Sarabi