Ədalət axtarışı – 26.02.1992 (Elşən Gəncəvi)backend

Ümid edirəm bir gün sən də bizə qoşulacaqsan və dünyamız bir olaraq yaşayacaq… (c) John Lennon

İnsanlar ədalət hissinin fotosunu müxtəlif çərçivələrdə təqdim edir.

Keçmişi tarixin çərçivələrindən kənara çıxartmaq dünyanı keçmişə deyil, gələcəyə səsləməkdir.

Gələcək isə ədalət ətrafında dünyanı bir olaraq görür. Fikirlərim barmaqlar və klaviaturadan ibarət fotodur…

Hadisə…

1991-ci ilin oktyabrından Xocalı şəhəri blokadada idi. Şəhərə aparan bütün yollar bağlanmışdı.

Bir tək hava nəqliyyatı vardı. İnsanlar sanki dörd divar arasında məskunlaşmışdı. Həyatları divarların üst hissəsinin açıq qalması ilə zindanı xatırladırdı. 1992-ci il yanvarın 28-də isə insanlar üçün yaşamağın sonuncu nəfəs günü oldu. Hava nəqliyyatı bağlandı. Heç bir məlumat yox idi. Sanki şəhər lal olmuşdu.

SSRİ-nin qalıqları tarixin gələcəyi üçün təhlükəli oyunlar oynayırdı. Və gələcək gücün hansısa yolla qarşısı alınmalı idi. Qafqazda isə Ermənistan adı sanki istifadə olunmaq üçün yaradıldı.

Xocalıya coğrafi baxış…

Xocalı şəhərinin coğrafi mövqeyi çox əlverişli olub. Dağlıq Qarabağ muxtar vilayətinin mərkəzi şəhəri olan Xankəndi şəhərindən 10 km cənub-şərqdə yerləşir. Qarabağ dağlıq silsiləsinə aiddir. Nəqliyyatda isə əsas rol oynayan şəhərdir. Belə ki Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının üstündə yerləşir. Qarabağdakı yeganə aeroport Xocalı şəhərindədir.

Xocalı şəhəri əhalinin tarixən məskunlaşdığı şəhərdir. Tarixi abidələr isə şəhərin qədimliyini yaşadır. Həmçinin tarixi arxitektura abidələri ilə ən məşhurudur. Bundan başqa heyvandarlıq, əkinçilik, toxuculuq, arıçılıq və üzümçülük sahələri üzrə Azərbaycanın qabaqcıl şəhərlərindən biridir.

1992-ci ilin yanvar ayının başlanğıcında, ilk olaraq Ermənistan tərəfindən elektrik enerjiləri kəsilərək Xocalı şəhəri üçün qorxu hissi yaratdı. Xocalı şəhəri qaranlıq içində idi…

Qarlı mərmi…

Qış fəslinin ən sərt ayı olan fevral ayı idi. Fevral ayının ikinci yarısından başlayaraq ermənilər Xocalı şəhərini mühasirəyə almağa başladı. Hər gün topların və ağır texnikanın atəş səsləri müharibənin hər an başlanmasından xəbər verirdi.

1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalı şəhəri ilk olaraq toplar və tanklardan atəşə məruz qaldı. Uzun davam edən atışmadan sonra erməni piyadaları hücuma başladı. İnsanlar qaçmağa məcbur oldu. Dörd divarla bağlanmış şəhərin bir tərəfi açılmışdı. Bu Əsgəran istiqamətinə gedən yol idi. Əsgəran istiqamətinə qaçan insanlar nə ilə üzləşəcəyindən xəbərsiz idi…

Hiylə…

Bir anlıq canlarını xilas etdiklərini düşünən əhali təhlükə ilə üzləşdi. Ermənistan ordusu əhalinin qarşısını kəsdi. Əhali gülləbaran edilərək öldürüldü. Canlarını qurtaran insanlar da vardı. Gecənin ikinci yarısında, insanlar qarlı aşırımları keçmək məcburiyyəti ilə üz-üzə qalmışdı…

Artıq insanlar taqətdən düşmüşdü. Şaxtalı qışın təsiri insanları ölümlə hədələyirdi. Sadə ölüm belə insanları qorxutmurdu. Amma işgəncə ilə ölmək insan həyatının ən alçaldılmış hissəsi idi. Taqətdən düşmüş insanların işgəncələrə məruz qalaraq öldürülməsi isə hər bir azərbaycanlıya Çingiz Mustafayevin çəkdiyi videolardan məlumdur.

“Justice for Khojaly”

Məlum qətliamdan sonra 28 fevral 1992-ci ildə jurnalist qrupu 2 vertolyotla azərbaycanlıların həlak olduğu yerə getdi. Qarlı düzənlik cəsədlərlə dolu idi. Jurnalist qrupu ermənilərin atəş hücumlarına məruz qaldı və həmin yeri tərk etməli oldular.

Martın 1-i yerli və xarici jurnalistlərin iştirakı ilə hadisə yerinə yenidən getdilər. Dəhşətli vəziyyət bir daha yenidən müşahidə olundu. Jurnalist qrupu hər bir insanın hansı işgəncələrə məruz qalaraq öldürüldüyünü video və fotoların yaddaşına verərək dünya ictimaiyyətinə çatdırdı. Amma bu gün dünyamız susur…

Sonda:

26 fevral 1992-ci il Azərbaycan Respublikasının Xocalı şəhərində Ermənistan tərəfindən soyqırımı törədildi. 613 nəfər insan vəhşicəsinə öldürüldü. Həqiqəti hər kəs bilir… Susan dünyamıza bir foto ifadə edirəm: Mən Xocalılı Azərbaycanam!

“Oxu-magiya” kitabı

Yenigundem.az