ƏDV-nin geri qaytarılmasında pozuntular aşkarlandı – RƏSMİbackend

Azərbaycanda pərakəndə ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması prosesi davam edir. Bu sahədə tətbiq edilən mexanizmıə əsasən alınmış mallara görə ödənilmiş ƏDV istehlakçının portala müraciətinin daxil edildiyi tarixdən 30 gün müddətində müvəkkil bank tərəfindən qaytarılır.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Xidmətin açıqlamasına görə, bu müddət ərzində fiziki şəxs olan istehlakçılara pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə (neft və qaz məhsulları istisna olmaqla) nağdsız qaydada ödədikləri ƏDV-nin 15%-i, nağd qaydada ödənilmiş ƏDV-nin 10%-i qaytarılır.

Vəsaitin qaytarılması ilə bağlı proseslər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yaradılmış www.edvgerial.az portalı üzərindən aparılır. İstehlakçının sistemə daxil etdiyi nəzarət-kassa aparatı (NKA) çeki barədə məlumatların Dövlət Vergi Xidmətinin informasiya bazasındakı məlumatlarla uyğunluğu yoxlanılır və nəzarət-kassa aparatı çekinin təsdiqləndiyi dərhal istehlakçının elektron kabinetində əks olunur.

Bununla belə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin apardığı araşdırmalar zamanı elektron sistemə daxil edilən çeklər üzrə bir sıra hallarda bəzi vergi ödəyiciləri tərəfindən sui-istifadə faktlarının mövcud olması müəyyən edilib. Belə ki, iyun ayı ərzində ƏDV-nin geri qaytarılması üçün portala 4,9 milyon çek daxil edilib. Bu çeklərdən 3,3 mini üzrə ƏDV-nin geri qaytarılmasından imtina edilib.

Araşdırmalar nəticəsində məlum olub ki, dəyəri 2 min manatdan aşağı olan 1 914 çek üzrə imtina hallarına səbəb satıcının ƏDV ödəyicisi olmaması, alıcılar tərəfindən alınmış malların geri qaytarılması və ya çekin tərtib edildiyi vaxtdan 30 gün keçdikdən sonra sistemə daxil edilməsi olub. Həmçinin dəyəri 2 min manatdan yuxarı olan 1 382 çek üzrə müraciət təsdiqini tapmayıb. Buna səbəb isə  1 171 çek üzrə məlumatların kassa çeklərində əks etdirilməli olan məlumatlarla uyğun gəlməməsi müəyyən olunub.

Belə malın adının “Sərbəst satış”, “Satış”, “Məhsulun adı” və s. bu kimi ümumi sözlər, bir hərf, rəqəm və ya yalnız rəqəmlərlə qeyd edilməsi, o cümlədən digər kod və rekvizitlərin tam şəkildə əks olunmaması halları qeydə alınıb. Bu səbəbdən onların da təsdiqindən imtina edilib.

Bundan başqa, ƏDV-nin qaytarılması üçün NKA çekinin fiskal İD-sinin edvgerial.az portalına daxil edilməsi zamanı yeni nəsil NKA-nın quraşdırıldığı obyektin fəaliyyətinin pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyətinə uyğun olmadığına görə 107 çek, mal qalığının silinməsi və topdan satış ehtimallarının olması səbəbindən isə müvafiq araşdırma aparılmış 105 çek üzrə müraciət sistem tərəfindən qəbul edilməyib.

Qeyd edək ki, edvgerial.az portalına müraciətlər üzrə bütün araşdırmalar qaydaların tələblərinə müvafiq olaraq 30 gün ərzində aparılır.

Məlumat üçün bildirilməlidir ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması” ilə bağlı qaydalara əsasən, ƏDV-nin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Vergi Məcəlləsinin tələblərinə cavab verməlidir.

Bir sıra vergi ödəyiciləri tərəfindən istehlakçılara təqdim edilən nəzarət-kassa aparatının çeklərində malın adı qeyd olunmur və bu hal vergi ödəyicilərinə maliyyə sanksiyasının tətbiqi ilə yanaşı, istehlakçıların hüquqlarının pozulmasına gətirib çıxarır.

Bu səbəbdən vergi ödəyicilərinə sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi təsərrüfat subyektlərində quraşdırılmış nəzarət-kassa aparatlarında müvafiq texniki sazlamaların aparılması və istehlakçılara təqdim edilən nəzarət-kassa aparatının çekində qanunla nəzərdə tutulmuş məlumatların əks etdirilməsinin təmin olunması tövsiyə edilir. Eyni zamanda, istehlakçılar vergi ödəyicisi tərəfindən təqdim edilmiş çekdə malın adının əks olunmasına diqqət yetirməli və çekin düzgün verilməsini tələb etməlidirlər.