Əfqanıstanla “Taliban” razılığa gəldilərbackend

Əfqanıstan hökuməti və “Taliban” hərəkatı ölkədə böhranın siyasi yolla nizamlanması üçün səy göstərmək barədə razılığa gəliblər.

“Yeni Gündəm” Anadolu Agentliyinə istinadən xəbər verir ki, Əfqanıstanın hökumət nümayəndələri ilə “Taliban” arasında iki günlük danışıqlar Tehran şəhərində baş tutub.

Danışıqlar zamanı tərəflər Əfqanıstanda mövcud olan cari vəziyyətin silahlı qarşıdurma yolu ilə həllinin mümkünsüzlüyünü ifadə ediblər.

Bununla belə, tərəflər yaxın zamanda daha bir görüş keçirməyi və müharibədən sülhə keçid mexanizmini müzakirə etməyi qərara alıblar.

Xatırladaq ki, iyun ayının ortalarından başlayaraq Əfqanıstan və Tacikistan sərhədlərində vəziyyət gərginləşib. Bu zaman ABŞ və NATO qüvvələrinin Əfqanıstanı tərk etməsi fonunda talibanlar şimalda öz fəaliyyətlərini aktivləşdiriblər.

Minimal hesablamalara görə, talibanlar Əfqanıstanın 50 rayonunu ələ keçirib. Regional rəhbərliklərin məlumatlarına görə isə, bu rəqəm daha böyükdür.

Ən təhlükəlisi ondan ibarətdir ki, talibanlar Tacikistan, Özbəkistan və Türkmənistan sərhədlərində sərhəd bölgələrini, həmçinin bir neçə nəzarət məntəqələrini tutublar.