Bakıya yağan qar yolları iflic etdi. Paytaxt bir saat içində qara təslim oldu. Xüsusən Bakı-Sumqayıt yolunda hərəkət dayandı. Sürücülər saatlarla yollarda qaldı, maşınların bəziləri hərəkət edə bilmədi, insanlar bir-birinə kömək etməklə vəziyyətdən çıxmağa çalışdı. Bütün bunlar isə Bakı şəhər İcra Hakimiyyətinin qara hazırlıq görmədiyini gözlər önünə sərdi. Bakı icra hakimi Eldar Əzizovun “uğurlu” işi nəticəsində əvvəlcədən heç bir tədbir görülməmiş, yollara duz səpilməmiş, təhlükəsizlik işləri həyata keçirilməmişdi. BŞİH-in bərbad fəaliyyəti göstərdi ki, E.Əzizov və komandası bütün tənqidləri hökumətə yönəltdi. Halbuki günlərdir sinoptiklər xəbərdar edir, qar yağacağını proqnoz verirdi. Amma il 2024 və hələ də Bakıya qar yağmasına baxmayaraq, əlaqədar qurumlar heç bir iş görməyiblər.
Jurnalist Elşad Məmmədli qeyd edir ki, bu gün axşam və gecə paytaxtda, Bakı-Sumqayıt yolunda müxtəlif ərazilərdə çətin şəraitdə yalnız polislər gözə dəyirdi: “3 saatdan artıq yollarda qalan adamlardan biri kimi, Şamaxinkada, Biləcəri tərəfdə və Sumqayıt yaxınlığında vətəndaşlara xidməti əyani şəkildə göstərən ancaq polisləri – YPX, Post-patrul – gördüm”.
Ümumiyyətlə, kommunal xidmətlərin işi fəlakət idi. Amma BŞİH açıqlama, izahat verməyi özünə borc belə bilmədi. Gecə saat 3 və şəhərin yollarında tıxac idi. İnsanlar səhəri tıxacda qarşılayıblar. Buyurun, Eldar Əzizov, yağan ağ qar sizin işinizin qara rəngdə olduğunu nümayiş etdirdi…
Tribunainfo.az