Eldəniz Quliyev MŞ-dan istefasından yazdı: “Xalqın mənafeyi homoseksualların maraqları ilə…”backend

Milli Şuranın (MŞ) Koordinasiya Mərkəzinin üzvlüyündən istefa verən Eldəniz Quliyev qrumdan ayrılma səbəblərini açıqlayıb.

“Yeni Gündəm” xəbər verir ki, o, bu barədə “Feysbuk” hesabında paylaşım edib.

Eldəniz Quliyev ona ünvanlanan saysız-hesabsız suallara cavab vermək məcburiyyətində qaldığını deyib:

“Ümid edirəm ki, dediklərimi səmimi qəbul edəcəksiniz. Əgər istefanın səbəbini bir neçə kəlməylə izah etməli olsaydım, deyərdim – mərdi qova-qova… namərd oldular! Əvvəla onu qeyd edim ki, mən MŞ-nın ilk yaradıcılarından biriyəm və hər zaman onun demokratiya uğrunda apardığı mübarızədə ön sıralarda olmuşam. Və heç kəs şübhə etməsin ki, mən xalqımın haqq etdiyi ləyaqətli həyat, demokratik təsisatlar, eləcə də mental dəyərlərimizi hifz etmək naminə yenə də mübarizənin önündə olacam. Bununla yanaşı, acı təəssüf hissiylə qeyd etməliyəm ki, bu gün Milli Şura qəbul etdiyi mübarizə prinsiplərində düşünülmüş, alternativ və konstruktiv müxalif fəaliyyət fəlsəfəsində, eləcə də öz strateji addımlarında əqidə mutasiyasına yol verdi. Xalqın mənafeyi bir qrup LGBT nümayəndələrinin maraqları ilə eyni tərəziyə qoyuldu və o qrupun çəkisi ağır gəldi! Bu, yolverilməz, eyni zamanda zərərli yanaşma idi və mən bunu heç cürə qəbul edə bilməzdim. Xalqın mental dəyərlərinin ayaqlar altına atılması MŞ üçün intihara bərabər hərəkət idi. Əlbəttə, xalqın belə yanaşmanı ikrah hissilə qarşılayacağı, bizləri sərt şəkildə qınayacağı şübhəsizdir. Sabah MŞ-ya kim inanacaq, kim dəstək verəcək? Yəni homoseksualların dərdi, yaxud himayəsi bu qədər qiymətlidir ki, xalqın bizə olan az-çox hörmətini və son ümidlərini itirmək bahasına da olsa, belə talehyüklü məsələləri görməzdən gələk? Şəxsən mən bu sayaq yanaşmanı kökündən səhv və qərəzli sayıram. Dəfələrlə bu haqda dedim, təkrar elədim, tələb, xahiş elədim. Ki, belə fəaliyyət, belə münasibət düzgün deyil, təhlükəlidir. Bu yol bir başa məğlubiyyətə aparır və s.”.

“Sözüm divara dəyib düşdü. Eşidilmədi, qulaqardına vuruldu qəsdən. Belə çıxdı ki, hansısa 28-ci dərəcəli bir ABŞ konqrasmeninin kuryeri işləyən birisinin tapşırıqlarını yerinə yetirmək xalqımızın mənafeyindən üstündür. Belə çıxdı ki, Milli Şura rəhbəri Amerikada oturub fərmayiş yerinə yetirir. Əks halda, hörmətli (inanın ki, bu an “hörmətli” kəlməsini zorla işlədirəm, – E.Q.) Cəmil Həsənli Amerikada ərə getməyi ilə fəxr eləyən və hər gün üstümüzə çamur yağdıran saqqllı bir üzdənirağın hucumlarından çəkinib də, bəzi Beynəlxalq Təşkilatlarda, habelə ABŞ-ın bəzi dairələrində, guya, mənim milli dəyərləri qorumaq çabalarımın yaxşı qarşılanmadığını və MŞ-ya problem yaratdığımı əlində bayraq etməzdi. Mən yatıb heç yuxuda da görə bilməzdim ki, xalqın, o cümlədən demokratik düşərgənin illər boyu inandığı, ümid bəslədiyi, bel bağladığı, etimad göstərdiyi siyasi lider və ya liderlər homoseksuallara sevgi nümayiş etdirərlər. Sədd heyif!. Mən, bu sayaq mövqe sərgiləyən, ən başlıcası, siyasi-ictimai fəaliyyətimə utanc gətirən bir siyasi-ictimai (daha doğrusu, artıq tamami ilə siyasi), birlikdə qala bilərdimmi? Əsla! Xalqın sayğısı, inamı və dəstəyi olmadan heç bir siyasi qurum, demokratiya və hakimiyyət uğrunda mübarizədə qalib gələ bilməz. Kürreyi-ərz yığışsa da! Xalqı özündən uzaqlaşdırmaq, onun dininə, əxlaqına və mental dəyərlərinə hörmətsizlik etmək və onu bilə-bilə rəncidə salmaq, yumşaq desək, böyük qəbahətdir. Xalqa cənnət vəd edib onu cəhənnəmə aparmağa heç kimin haqqı, hüququ və ixtiyarı yoxdur. Mən isə hələ də öz yerimdəyəm. Prinsiplərimə, əqidəmə və uğrunda mücadilə apardığım ideallarıma sadiq olaraq qalıram və başqa cür ola da bilməz. Yola davam!” – deyə, siyasətçi əlavə edib.