Eldəniz Səlimovla bağlı daha bir açıqlamabackend

“Xaçmaz rayonunda millət vəkili  Eldəniz Səlimovun polisi döyərək xəsarət yetirməsi haqlı olaraq cəmiyyətdə hiddət doğurub. Keçmiş millət vəkili kimi bu əməli qəti şəkildə pisləyir və qınayıram”.

“Yeni Gündəm” xəbər verir ki, bunu sabiq deputat, DİN yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev deyib.

Onun sözlərinə görə, polisin xidməti vəzifələrini yerinə yetirməsinə mane olmaq, polis əməkdaşlarını təhqir və təhdid etmək yolverilməzdir: “Bu hərəkətləri deputatın etməsi isə ikiqat qəbahətdir və deputat statusuna uyğun olmayan əməldir.

Bu cür hərəkətlər yalnız polis əməkdaşına qarşı deyil, bütün cəmiyyətə qarşı hörmətsizlikdir. Əminəm ki, Milli Məclis rəhbərliyi bu hadisə ilə bağlı müvafiq addımlar atacaq. Polis orqanları və polis əməkdaşları COVID-19 pandemiyası ilə mübarizədə ön sırada dayanırlar. Xüsusi karantin rejimi qaydalarına, bu qaydalarla müəyyənləşən qadağanlara əməl olunmasına nəzarəti həyata keçirən polis çox çətin, gərgin şəraitdə işləyir.

İctimai nüfuza, statusa malik şəxslər COVID-19 pandemiyasının doğurduğu yeni çağırışlara adkevat cavab verilməsi, çətinliklərin birgə səylərlə aradan qaldırılması, polislə vətəndaşlar, əhali arasında səmərəli kommmunikasiya, etimadlı münasibətlərin yaranmasına öz töhfələrini verməlidirlər. Öz müsbət davranış və nümunələri ilə örnək olmalıdırlar.

Onların ictimai rəyə təsir etmək imkanları, ictimai və rəsmi statusları onlar üçün əlavə məsuliyyət yaradır. Bu çətin, mürəkkəb şəraitdə polisin cəmiyyətin dəstəyinə hər zamankından çox ehtiyacı var. Eyni zamanda hazırda hər birimizin sağlamlığı, hüzuru xeyli dərəcədə polisin səmərəli işindən asılıdır. Bu zərurəti dərk etməklə hər birimiz məsuliyyətli davranmalıyıq və əhalinin sağlamlığının, ictimai asayişin qorunması məsələsində cavabdehliyimiz barədə düşünməliyik”.