Əli Əsədov tapşırıq verdibackend

Baş nazir Əli Əsədov “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” Qanunun tətbiqi ilə əlaqədar bəzi məsələlər barədə” sərəncam imzalayıb.

“Yeni Gündəm”-in məlumatına görə, sərəncama əsasən, Azərbaycan Respublikasının “Ədliyyə Nazirliyi Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.

Həmçinin, razılaşdırma prosesinin iştirakçıları (əsas və birgə icraçılar) bu Sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə (layihə və təkliflərin baxılması, hazırlanması, razılaşdırılması, təqdim edilməsi və s.) müvafiq tədbirlər görüb icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Nazirlər Kabinetinə təqdim etməlidirlər.

Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, Qanunun tətbiqinin təmin edilməsi məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Nazirlər Kabinetinə məlumat verməlidirlər.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Qanuna uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

Bu Sərəncamın icrası Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilir.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.