“Əli Həsənovun aqibətini bu işlə əlaqədar istintaqın nəticəsi müəyyənləşdirəcək” – Vahid Əhmədovbackend
“O şəxslərin qanunsuz yollarla malik olduqları obyektlər satılmalı, o vəsaitlər dövlət büdcəsinə keçirilməlidir”.

Bu fikirləri “Yeni Gündəm”-ə açıqlamasında ləğv olunmuş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin həbs edilməsindən sonra ictimai rəydə onun əsas himayədarı kimi tanınan Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun gələcək aqibətini dəyərləndirən millət vəkili Vahid Əhmədov deyib.

Vahid Əhmədovun sözlərinə görə, Əli Həsənovla bağlı qərarın qəbulu “KİVDF işi”nə dair istintaqın gedişindən asılı olacaq:

“KİVDF-də çox ciddi qanun pozuntularına, korrupsiyaya yol verildiyi üçün artıq ləğv edilmiş o qurumun keçmiş rəhbəri Vüqar Səfərlinin həbs olunacağı gözlənilən idi. Biz bunu bilirdik və ötən dövrdə bir neçə dəfə bu məsələləri səsləndirdik. Düzdür, o Fonddadn vəsait alan bəzi jurnalistlər buna görə bizim əleyhimizə yazılar yazmağa başladılar… Ancaq həyat göstərdi ki, o şəxslər korrupsiya ilə məşğul olublar və bizim dediklərimiz həqiqətdir.

Bununla belə, Vüqar Səfərli kim idi ki, özbaşına qərarlar qəbul etsin, evləri ehtiyacı olan jurnalistlərə yox, əsasən, ehtiyacı olmayanlara paylasın, hansı qəzetə nə qədər maliyyə ayrılmasını müəyyənləşdirsin? Məlumatlar yazılır ki, hətta bəzi jurnalistlər o binalarda ehtiyacı olmadan alqıdaqları mənzili kirayəyə veriblər və sair…

Çox yaxşı olardı ki, o məsələ diqqətlə araşdırılsın və ehtiyacı olmayan jurnalistlərə verilən mənzillər gec də olsa, ehtiyacı olanlara paylanılsın. Bununla da ədalət müəyyən qədər bərpa edilsin. Eyni zamanda, o şəxslərin qanunsuz yollarla malik olduqları obyektlər satılmalı, o vəsaitlər dövlət büdcəsinə keçirilməlidir.

O baxımdan, prezident çox doğru qərar qəbul edərək, Fondun rəhbərliyini dəyişdi, daha sonra isə onun bazasında yeni Agentliyin yaradılmasına qərar verdi. Bilirsiniz, media orqanları dövlətin siyasətinin həyata keçirilməsində çox mühüm vasitələrdən biridir.

Məhz media orqanları mövcud problemləri işıqlandırmaqla, neqativ halları araşdırmaqla, müvafiq təhlillər aparmaqla öz faydalılığını göstərməlidir. Çox təəssüf ki, Fondun keçmiş rəhbərliyi medianın inkişafı istiqamətində çalışmaq əvəzinə, korrupsiya ilə məşğul oldular.

Bu işlərdə Vüqar Səfərlini Əli Həsənovdan başqa kim himayə edə bilərdi? O edib də… Yenə deyirəm, Vqar Səfərli kimi idi ki, özbaşına qərar versin, mənzil paylasın, layiqli saytları, qəzetləriu kənarda qoyub heç kimin tanımadığı qəzetlərə maliyyə ayırsın?

Vüqar Səfərlinin həbsindən sonra Əli Həsənovun aqibətinə gəldikdə isə bu, istintaqın nəticəsindən asılı olacaq. Görək, istintaqda hansı yeni detallar üzə çıxacaq. Hesab edirəm ki, ölkənin Baş prokuroru çox obyektiv bir adamdır. Bu işi də Korrupsiyaya Qarşı Mübarizə İdarəsi apardığı üçün yəqin ki, istintaq onun nəzarəti altındadır və proses obyektiv sonluğa çatdırılacaq”.

Aqil Bəkir