Elşad Hacıyevdən Rəşad Dağlının qətl törətməsi ilə bağlı geniş AÇIQLAMAbackend

“Rəşad Əmirovun (Dağlı) cinayət törətməsi ilə bağlı hazırda istintaq gedir. Faktla əlaqəli Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq getdiyi üçün hər hansı məlumat verilməsi doğru deyil. Baş verən hadisə ağır hadisədir. 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevin hansı zəmində, nə səbəbə öldürülməsi, tərəflər arasında başqa vaxtlarda hansısa mübahisə, münaqişə olub-olmaması – bütün bunlar istintaqın gedişində məlum olacaq. İlkin məlumat bundan ibarətdir ki, hadisə tərəflər arasında söyüş, şəxsi münasibət zəminində baş verib. Tərəflər bir-birilərini dəvət ediblər ki, məsələ aydınlaşdırılsın. Nəticədə belə ağır hadisə ortaya çıxıb. Saxlanılan Rəşad Əmirov özü polis orqanına gələrək təslim olub, törətdiyi əməli etiraf edib. Hadisə ilə əlaqəli bütün zəruri istintaq tədbirləri həyata keçirirlir”.

“Yeni Gundem” xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “Bizimləsən” verlişinin canlı efirində deyib.

DİN rəsmisi meyitin üzərində neçə bıçaq zərbəsi olması ilə bağlı suala belə cavab verib:

“Hələlik məhkəmə tibbi ekspertizanın rəyi açıqlanmayıb. Ekspertiza rəyindən asılı olaraq müvafiq tədbirlər icra oluncaq. Əsas odur ki, nəticə ağırdır. Rəşad Dağlının nə qədər bıçaq zərbəsi vurması o qədər də əhəmiyyət daşımır. Hər bir halda hadisənin ictimai müzakirəyə çıxarılması göstərir ki, insanlar bir-birilərinə qarşı münasibətdə diqqətli, məsuliyyətli olmalıdırlar. Hansısa söyüş üstündə belə bir ağır hadisə baş verib. Qarşı tərəf nalayiq ifadələr işlədib, nəticədə də bundan qeyzlənən Rəşad Əmirov məsələni həll etməyə çalışıb, nəticə də belə ağır olub. Rəşad Əmirov bu həddə necə gəlib çatıb, kimlər hadisədən məlumatlı olublar, olublarsa, niyə vaxtında hüquq-mühafizə orqanlarına məlumat verməyiblər – bütün bunların təfərrüatları istintaqla aydın olacaq”.

E.Hacıyev sosial şəbəkələrdə və mətbuatda Rəşad Dağlının qətli törətmə səbəbləri barədə yayılan iddialara da münasibət bildirib:

“Sosial şəbəkələrdə müdafiə xarakteri daşıyan müxtəlif iddialar səsləndirilir. Bu iddiaların hər biri istintaqla yoxlanılacaq, araşdırılacaq ki, qanunamüvafiq tədbirlərin görülməsi təmin olunsun”.

O, hadisə anında şəxsin yanında bıçağın məqsədli şəkildə olması barədə də fikir bildirib:

“Maddi sübutlarla bağlı bütün məsələlər istintaq əhəmiyyəti daşıyır, əlavə məlumat verilməsi doğru deyil. Kimlərsə hər-hansı məlumat verirsə, bu, istintaqın gedişinə təsir edə bilər. Rəşad Əmirovun ailəsi, yaxınları onun əməlinə görə cəza çəkəcəyi müddətdə məhrumiyyətə düçar oldular. Qarşı tərəf hansı vəziyyətə düşdü? Ölüm baş verdi, onun yaxınları, əzizləri də bu məhrumiyyətə düçar oldular. Cəmiyyətdə insanlar ictimai qaydalara, birgəyaşayış normalarına əməl etməlidirlər. Bundan ötrü hüquq-mühafizə orqanları var. Hansısa vətəndaşın təhqir edilməsi, ona qarşı nalayiq ifadə işlədilməsi ilə bağlı qanun var. Müraciət edilsəydi, qanunamüvafiq qaydada tədbirlərin görülməsi təmin olunacaqdı. Rəşad Əmirov niyə müraciət etməyib, qarşı tərəf bu addımları niyə atıb – bütün bunlar qəbuledilməz hallardır. İstintaq zamanı motivlər aydın olacaq. Şəxsi ədavət zəminində mübahisələrin iki şəxs arasında həll edilməsi çıxış yolu deyil. Bunu qanun da, cəmiyyət də inkar edir”.

Elşad Hacıyev Rəşad Dağlının cinayəti törətdikdən sonra təslim olmasının onun cəzasını yüngülləşməsinə təsir edib-etməyəcəyinə də fikir bildirib:

“Əlbəttə, Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə, Rəşad Əmirov hadisə yerindən yayınsaydı, əlavə ağırlaşdırıcı hal yaranacaqdı. Qaçıb, təslim olmasaydı, axtarış işi açılacaqdı. Hadisənin Rəşad Əmirov tərəfindən deyil, digər şəxslər tərəfindən törədilmə ehtimalları yoxlanılacaqdı. Bütün hallarda, Rəşad Əmirov hadisədən sonra edilməsi lazım olanı edib. Meyit hadisə yerində qalıb. Hadisəni törədəndən sonra Rəşad Əmirov polis orqanlarına yaxınlaşıb, məlumat verib. Yoxlanıldıqdan sonra dedikləri təsdiqini tapıb”.