“ƏLVİDA DEMİRƏM, GÖRÜŞƏCƏYİK…” – Nüsrət Kəsəmənli haqqında – Məti Osmanoğlunun filmindəbackend

Azərbaycan ədəbiyyatının və oxucusunun yadında yaradıcılığı, şəxsiyyəti, həyatı və həyat tərzi ilə bənzərsiz izlər salmış Nüsrət Kəsəmənlinin ömür yolu yaddaşa münasibət baxımından xüsusi maraq doğurur – onun keçdiyi yol maraqlı və mürəkkəb bir bədii əsər ilə müqayisə edilə bilər. Bu əsərin bir hissəsini, bəzi süjetlərini taleyin gözəgörünməz əlləri yazmışdı. Bir hissəsi də Nüsrətin öz “yaradıcılığının” məhsulu idi.

Nüsrət şeirlərində həyatı “nağıl dilinə” çevirməyə çalışır, yaşadıqlarını “Biri vardı, biri yox” prizmasından keçirirdi. Professor Rüstəm Kamalın müşahidəsinə əsasən: “Nağıl Nüsrət Kəsəmənlinin poetik dilində fəal və sabit işlənən janrın adıdır. Nüsrət Kəsəmənli nağıllarında olub-olmuşları və olacaqları danışırdı. “Daha nağıllara inanmıram” desə də, ömrünü nağıl kimi danışırdı:

“Uşaq yaddaşımı qanatdı getdi,

Daha nağıllara inanmıram mən…”.

Məsələ bundadır ki, uşaq yaddaşının formalaşdığı uzaq bir kənd evində Nüsrət taleyin düzüb-qoşduğu təsirli bir nağıl qəhrəmanı kimi böyümüşdü. Tale onunla uzun müddət özündən xəbərsiz oyun oynamışdı və 18 yaşına, məktəbi qurtarana qədər Nüsrətin bu oyundan xəbəri olmamışdı. 18 yaşında bilmişdi ki, gözünü dünyaya açanda başının üstündə gördüyü, ana bildiyi insan onun nənəsi, ata bildiyi insan babası, qardaş bildiyi insan da atası imiş. O vaxta qədər öz bioloji anası barədə isə məlumatı olmamışdı:

Beşiyim başında layla yananda

Bayatı hicranın dilində qaldı.

Ürəyim bir ata-ana yanında,

Əllərim nənəmin əlində qaldı…

Nüsrətin sonrakı taleyi də, yaradıcılığı da uzaq Kəsəmən kəndində yaranmış ağ-qara nağılın davamı oldu.

“MƏTİ OSMANOĞLUNUN ssenarisini bəyənməmək olmur”

Ssenari müəllifi: MƏTİ OSMANOĞLU
Rejissor: MURAD QULİYEV