“eManat” çökdü – Müştərilər narazıdır: “Əməliyyat uğurlu olsa da, məbləğ hesaba oturmur”backend

Hazırda bir çoxlarınız Azərbaycanın müxtəlif şəhər və qəsəbələrində yerləşdirilmiş çoxsaylı “eManat” ödəniş terminallarında istifadə edirsiniz.

Bu dəfə istifadəçilərin rahatlığı üçün “eManat” ödəniş terminal haqqında xoş olmayan məlumat verəcəyik.

Belə ki, “Modenis” MMC şirkətinə məxsus terminallar iyunun 10-dan günün ikinci yarısından etibarən hələ də fəaliyyətini bərpa etməyib.

Bir sutkadır sözügedən terminallar vasitəsiylə ödənilən kreditlər, şəxsi hesaba mədaxil daxil olması funksiyası işlək vəziyyətdə görünsə də, ödənişlər hesaba oturmur.

Cebhe.info-nun əməkdaşının üzləşdiyi bu hadisə digər insanların da başına gəlib.

Belə ki, dünən günorta saatlarında “eManat” vasitəsilə “Bank of Baku” hesabına mədaxil daxil edilib.

Ödəniş qəbzində əməliyyatın uğurlu olduğu göstərilsə də, məbləğ hesaba köçməyib. Bununla bağlı həm “eManat”, həm də “Bank of Baku” ilə əlaqə saxladıq.

“Modenis” MMC şirkətindən bildirilib ki, hazırda “Bank of Baku” ilə “eManat” sistemi arasında hazırda müəyyən problemlər var.

Qeyd edək ki, iki gündür həllini tapmayan məsələ səbəbindən vətəndaşların kredit ödənişləri də gecikib.

İşin maraqlı tərəfi budur ki, digər əməkdaşımız sözügedən terminaldan “BirKart” kreditini ödəyib. Lakin eyni hal təkrarlanıb. Əməliyyat uğurlu olsa da, ödəniş hesaba köçürülməyib. Deməli, problem təkcə “eManat” ilə “Bank of Baku” arasında deyil, “eManat” vasitəsilə edilən bütün ödənişlərdədir.